Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-da soyuq qəbulu göstərdi ki, onun seçimləri 2.5 illik müharibədən sonra getdikcə məhdudlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Nəşr bildirir ki, Nyu-York və Vaşinqtonda bir sıra görüşlər zamanı Zelenski ABŞ və müttəfiqlərindən daha çox silah və təhlükəsizlik zəmanəti almaq üçün qələbə planını təbliğ edib. Bununla belə, Bayden administrasiyasının nümayəndələri Moskvanı təhrik edə biləcək addımlardan çəkinərək, təkliflərə ehtiyatla yanaşıb və bu barədə daha ətraflı məlumat almaq istəklərini bildiriblər. Prezident Co Bayden artıq təsdiqlənmiş hərbi yardımın yeni paketini açıqlayıb, amma Zelenskinin əsas tələbindən - Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli raketlərdən istifadə icazəsindən imtina edib.
Keçmiş prezident Donald Tramp Zelenski ilə görüşdən sonra prioritetinin “hər iki tərəf üçün ədalətli razılaşma ilə müharibəni tez bir zamanda bitirmək” olduğunu söyləyib, ancaq buna necə nail ola biləcəyini açıqlamayıb. Tramp həmçinin Putinlə çox yaxşı münasibətinin olduğunu qeyd edib və Zelenski ilə münasibətlərin yaxşılaşacağına ümid etdiyini söyləyib.
Zelenskinin Ukraynanın ən mühüm tərəfdaşı olan ABŞ-dan ciddi dəstək qazanmaq cəhdləri qarşıda çətin və təhlükəli yolun olduğunu göstərir.
WSJ vurğulayır ki, Ukrayna qoşunları son aylarda Rusiyanın intensiv hücum etdiyi Şərq cəbhəsində ciddi vəziyyətlə üzləşib. Rusların məqsədlərdən biri Ukraynanın əsas logistik mərkəzi olan Pokrovskdur. Bu şəhəri ələ keçirmək Rusiyaya Kremlin artıq ölkənin bir hissəsi elan etdiyi Donetsk vilayətinə tam nəzarət kimi əsas məqsədinə çatmağa kömək edəcək.
Ukrayna qüvvələri qarşı tərəfə ciddi itkilər versə də, say və silah baxımından Rusiyanın ciddi üstünlüyü var. Zelenskiyə görə, Ukrayna durumu dəyişmək üçün uzaqmənzilli Qərb silahları ilə Rusiya ərazisini vurmağa ehtiyac duyur. Bununla belə, ABŞ bu yöndəki məhdudiyyətləri qaldırmaqdan imtina edib.
Bəzi Avropa dövlətləri ABŞ-ı daha güclü addımlar atmağa çağırır. Məsələn, Finlandiya və Litva bəyan edib ki, Ukrayna bu müharibədə mütləq qalib gəlməlidir, ən pis nəticə onun uduzması olacaq. İki ölkə ABŞ-ı Rusiya ilə eskalasiya riskindən çəkinməməyə çağırıb.
“İki il yarım davam edən müharibədən sonra aydın olur ki, bu, təkcə Ukrayna məsələsi deyil. Söhbət Rusiya və onun imperiya ambisiyalarından gedir”, - Danimarka Baş naziri Mette Frederiksen vurğulayıb.