30 Sentyabr 13:41
3 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın separatçı bölgəsi Cənubi Osetiyadakı (Sxinvali) qondarma rejim “müstəqil ölkə” kimi qalmaqda davam etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun son bəyanatını şərh edən qondarma rejimim “xarici siyasət xidməti”nin rəhbəri Axsar Jioyev deyib.

Separatçı 2008-ci ildən bəri Rusiyanın bu mövzu ilə bağlı mövqeyinin dəyişməz qaldığını xatırladıb.

“Gələcəkdə qonşu Gürcüstanla münasibətlərin qurulması imkanlarına gəlincə, Cənubi Osetiyanın mövqeyi məlumdur və dəfələrlə səsləndirilib. Biz tanınmış dövlətin mövcud statusundan çıxış edirik”, - Jioyev vurğulayıb.

Digər separatçı bölgə Abxaziyanın da mövqeyi bundan fərqli olmayıb.

Qondarma qurumun “xarici işlər nazirliyi”nin açıqlamasında deyilir:

“Mövqeyimiz dəyişməz olaraq qalır. Gürcüstan Abxaziya Respublikasını suveren və müstəqil dövlət kimi tanımalı və gücdən istifadə etməmək haqqında hüquqi qüvvəyə malik sənəd imzalamalıdır”.

Rusiya xarici işlər naziri Sergey Lavrov bundan öncə Moskvanın Gürcüstan, Cənubi Osetiya və Abxaziyada sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu açıqlamışdı. Lavrovdan az əvvəl Gürcüstan Baş naziri İrakli Kobaxidze osetinlər və abxazları vahid dövlətdə birləşməyə çağırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər