ABŞ qoşunları THAAD ballistik raketdən müdafiə batareyasının yerləşdirilməsi çərçivəsində İsrailə gəlib. Pentaqondan bildirilib ki, bu, Vaşinqtonun müttəfiqini qorumağa kömək edəcək, amma Birləşmiş Ştatların münaqişədə iştirakını dərinləşdirəcək.
Teleqraf.com xəbər verir ki, AFP mənbələrə istinadla məlumat yayıb.
THAAD-ların dislokasiyası İsrailin İranın ballistik raket hücumuna cavab zərbəsi endirməyə hazırlaşdığı vaxta təsadüf edir. Tehran yenidən zərbə endirəcəyi təqdirdə batareya İsrailin müdafiəsini gücləndirəcək.
“ABŞ hərbçilərinin İsraildə yerləşdirilməsi göstərir ki, Vaşinqton İsrailin təhlükəsizliyinə sadiqdir və lazım gələrsə döyüşəcək”, - RAND Korporasiyasının baş analitiki Rafael Koen deyib.
Mənbəyə görə, Co Bayden administrasiyası bu addımın İranı çəkindirəcəyini, İsraili də arxayınlaşdıracağını düşünür.
Koenin fikrincə, bu addım ABŞ-a İranın 1 oktyabr hücumuna İsrailin cavabını formalaşdırmaq üçün daha böyük təsir rıçaqları verə bilər.
İsrailin təkmil, yüksək səviyyəli hava hücumundan müdafiə sistemləri şəbəkəsi var, amma analitik söyləyib ki, baş verənlər İranın dəstəklədiyi müxtəlif qruplarla döyüşü bir il də uzadacaq.
“İran zərbələrin sayını artırarsa və “Hizbullah” hücuma davam edərsə, vurulacaq hədəflərin sayı da arta bilər”, - Koen əlavə edib.
Pentaqonun sözçüsü Patrik Ryder bundan öncə açıqlayıb ki, ABŞ personalı və batareya üçün lazım olan ilkin komponentlərdən ibarət qabaqcıl qrup artıq İsraildədir: "Batareya yaxın vaxtlarda tam işlək olacaq. Hərbi göndərmələr davam edəcək".