16 Oktyabr 17:19
3 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın gündəmə gətirdiyi “sülh qovşağı” iddiası əslində Zəngəzur dəhlizinə alternativ kimi ortaya atılıb. Burada iddia edilir ki, Ermənistan ərazisi bütün qonşu dövlətlərin tranzit keçidi üçün açıq olacaq. Erməni tərəfi Azərbaycanın Naxçıvanla əlaqəsinin də məhz bu kontekstdə təmin edilməsini iddia edir.

Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.

O qeyd edib ki, Ermənistan ərazilərinin qonşu ölkələrin tranziti üçün açıq olması, Zəngəzur dəhlizi ilə eyni mənaya gəlmir:

“Çünki Zəngəzur dəhlizində maneəsiz hərəkət hüququndan bəhs olunur. Bu o deməkdir ki, burada gömrük yoxlaması, rüsumu olmayacaq. Eyni zamanda giriş-çıxışa məhdudiyyət yaradılmayacaq. Gecə saatlarında belə dəhliz açıq olacaq. Paşinyanın iddia etdiyi keçid isə gömrük baxışı və vergilərdən azad edilmək demək deyil”.

Politoloq Bakıda keçiriləcək COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi ehtimallarına da toxunub:

“Bu günə qədər çox ehtimallar səslənib. Amerikadan da bu günlərdə açıqlama verildi ki, bu məsələdə iki dövlətin verəcəyi qərara istinad edəcəklər. Əslində davamlı olaraq mövzunu gündəmdə saxlamaq erməni tərəfinin növbəti manipuliyasiyasıdır”.

Fərhad Mehdiyevə görə, Ermənistan yaratmağa çalışır ki, guya onlar sülhə hazırdır, amma Azərbaycan prosesi ləngidir:

“Azərbaycan isə sülhlə bağlı təkliflərini, şərtlərini bəyan edib. Ermənistan konstitusiyasındakı ərazi iddiası və ATƏT-in Minsk Qrupundan imtina edilməlidir. İndi iddia edirlər ki, Ermənistan Konstitusiya məhkəməsi sərhədlərlə bağlı reqlamentin təsdiq eidlməsinə problem yaratmadı. Amma Ermənistan konstitusiya məhkəməsi ölkənin müstəqillik aktına hüquqi qiymət vermir. Qarabağla Ermənistanın birləşməsini iddia edən “müddəalarla” bağlı mövqe yoxdur. Ona görə də, sülh müqaviləsinin gələcəyini Ermənistan konstitusiya məhkəməsinin təminat altına alacağı ilə bağlı ehtimallar yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər