20 May 2014 10:10
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Odessada Həmkarlar İttifaqları sarayında yanğın zamanı ölən Rusiya tərəfdarlarının - 32 nümayişçinin xloroformla zəhərləndiyinin güman edildiyini bildirib.

Teleqraf.com-un "Amerikanın səsi" radiosuna istinadən yaydığı xəbərə görə, Daxili İşlər nazirinin müavini, nazirliyinin baş müstəntiqi Vitali Sakal təhqiqat qrupunun yanğın yerində xloroform aşkar etdiyini deyib.

Vitali Sakal 32 adamın yanğın zamanı yüksək temperatur deyil, qeyri-müəyyən maddəyə görə oksigen və ürək çatışmazlığından öldüyünü bildirib. O, xloroform maddəsinin binada bir neçə gün saxlandığını da açıqlayıb.

Mayın 2-də Rusiyayönlülərı və Ukraynanın birliyi tərəfdarları arasında qarşıdurmalar nəticəsində Həmkarlar İttifaqları sarayında yanğın zamanı 48 adam həyatını itirib. 38 adam binanın içində, 10 nəfər pəncərdən atılan zaman, altı nəfər isə atışma zamanı həlak olub.

Vitali Sakal mayın 2-də hadisələr zamanı əlbəyaxa olan insanların bir-birinə "Molotov kokteyli" atdıqlarını bildirib.

Onun sözlərinə görə, təhqiqat qrupu hadisələrin dörd mümkün variantını nəzərdən keçirir: ölüm halları Ukraynada sabitliyi pozmaq istəyən “ekstremist qruplar”ın sifarişidir, Kiyev hökumətini gözdən salmaq üçün yerli hakimiyyət strukturlarının qeyri-qanunu hərəkətləridir, Ukrayna futbol komandasının azarkeşləri və Rusiya tərəfdarı qruplarınnın nəzarətdən çıxmış hərəkətlərinin və ya radikal insanlar tərəfindən təhrikçi hərəkətlərin nəticəsidir.

O, insidentlə əlaqədar 12 nəfərin həbs edildiyini, 22 nəfərin isə şübhəli şəxs olduğunu bildirib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə öz növbəsində Ukrayna rəsmilərini Odessada zorakı insidentlə bağlı həqiqəti gizlətməkdə günahlandırıb.


Müəllif: