21 Aprel 2015 11:37
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhaliyə göstərilən xidmətlərin, vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə səmərəli təşkili və davamlı təkmilləşdirilməsi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əsas prioritetlərindəndir.

Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, fonda xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlər də daim vaxtlı-vaxtında araşdırılır və bu müraciətlərin operativ cavablandırılması təmin edilir.

Bu ilin ilk 3 ayında DSMF-yə daxil olan 1030 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 652 müraciət göndərilib ki, bunların da 613-nü Rusiyadan daxil olan müraciətlər təşkil edir. Müraciətlərin mövzusu ümumilikdə vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə isə Тürkiyə Cümhuriyyəti gəlir və qardaş ölkədən Fonda 66 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir. DSMF-yə daxil olan digər 312 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.

Naibə QURBANOVA


Müəllif: