Avropa Komissiyası Rusiyanın enerji nəhəngi Qazpromu qitənin qaz bazarında rəqabəti pozan addımlarda ittiham edib.
Rəqabət siyasəti üzrə Aİ komissarı Margrethe Vestager "dominant vəziyyətindən" istifadə edən Qazpromu Şərqi Avropadakı istehlakçılar üçün təchizat qiymətlərini artırmaqda və daha 3 ölkədə rəqabətə əngəl törətməkdə suçlayıb. Onun sözlərinə görə, Rusiya şirkəti müəyyən mərkəzi avropa ölkələrindən "sərbəst qaz nəqlinə süni maneələr" yarada bilib ki, buda azad rəqabətə əngəl törədib.
Qazprom Avropa Komissiyasının ittihamını "əsassız" adlandırıb. Müxbirlərə əsasən, ittihamlar Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin sərinləşməsinə təsadüf edib və Moskvanın sərt reaksiyasına səbəb ola bilər.
Hərçənd ki, Avropa rəsmiləri səslənən bəyanatın tərəflər arasında hökm sürən siyasi gərginliklə əlaqədar olmadığını deyirlər. Rusiya Avropa qaz idxalının təqribən 25 faizini təmin edir.
/BBC/