Fransa Xarici İşlər Nazirliyi Amerika xüsusi xidmət orqanları tərəfindən Fransa prezidentlərinin danışıqlarının dinlənildiyi barədə məlumatlarla bağlı ABŞ səfirindən izahat almaq üçün nazirliyə çağırıb.
Ötən gün WikiLeaks resursunun dərc etdiyi sənədlərdə idia olunduğuna görə, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) Fransa prezidentləri Jacques Chirac, Nicolas Sarkozy və Francois Hollande də daxil olmaqla yüksəkrütbəli fransa rəsmilərini izləyib. WikiLeaks-ə görə ABŞ Milli Təhlükəsizlik Agentliyi fransa rəsmilərini 2006-2012-ci illərdə izləyib, MTA bu iddiaları rədd edir.
Prezident Francois Hollande-nin mətbuat xidmətinin bu hadisə ilə bağlı yayılmış bəyanatında Fransanın öz təhlükəsizliyinə hədələrə “imkan verməyəcəyi” vurğulanıb. Fransa prezident aparatından verilən açıqlamada deyilir ki, ABŞ, Fransa prezidentlərini izləməmək barədə vədinə əməl etməlidir. WikiLeaks saytı kəşfiyyatların məxfi hesabatlarına və MTA-nın texniki sənədlərinə istinad edib. ABŞ rəsmiləri bu haqda şərh verməkdən çəkinib.
Fransa prezidenti Francois Hollande isə bu gün Müdafiə şurası ilə görüşəcək. Bunu onun köməkçisi Frans-press agentliyinə deyib. Bir müddət əvvəl Amerika kəşfiyyat idarəsi Almaniya kansleri Angela Merkeli izləməkdə günahlandırılırdı. Çərşənbə günü WikiLeaks saytı Espionnage Elysee ( Yeliseydə Cəsusluq) adı altında bir çox sənəd yayımlayacaqlarını bildirib.
Deyilir ki, gizli materiallarda 3 fransız prezidenti, fransa nazirləri və ABŞ-da Fransa səfirlərinin kommunikasiya sistemlərinin necə ələ keçirilməsi öz əksini tapacaq. 2012-ci ilə aid sənədlərdən biri Francois Hollandenin Yunanıstanın avrozonadan çxmasının mümkünlüyü barəsindəki müzakirələrinə aiddir. 2011-ci ilə aid digər sənəddə isə Sarkozynin ABŞ-ın iştirakı olmadan İsrail və Fələstin arasında sülhü bərqərar etməyə ciddi niyyətləndiyi deyilir.
BBC təhlükəszilik müxbiri Gordon Corera "bu sənədlərin MTA-nın keçmiş əməkdaşı Edward Snowden tərəfindən "oğurlanmış" sənədlərin arasında olub-olmaması hələ ki müəyyənləşdirilməyib" deyir.
Gizli məlumatların ortaya çıxmasını şərh edən MTA-nın mətbuat xidmətinin rəhbəri deyib ki, onlar kəşfiyyat idarəsinin fəaliyyəti ilə bağlı hər hansı ittihama şərh verməyəcəklər.
"Ümumiyyətlə, biz xaricdə cəsusluqla məşğul olmuruq. Bu ancaq, ölkənin milli təhlükəsizliyi ilə bağlı dəqiq və əsaslandırılmış vəzifə olarsa mümkündür. Bu həm adi insanlara, həm də ölkə başçılarına aiddir", o deyib.