1 İyul 2015 20:12
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 22-də Ermənistanı silkələyən “elektromaydan” aksiyaları artıq səngiməkdədir. İndiki mərhələdə aksiya iştirakçılarının əsas dayaq nöqtəsi hesab olunan Baqramyan prospektində insanların sayı ilk günlərdəki ilə müqayisədə dəfələrlə azalıb. Aksiyanın başlamasından bir gün sonra İrəvan rejimi aksiyasını polis zorakılığı ilə dağıtmaq istədi və buna müəyyən qədər nail oldu da. Lakin daha sonra yuxarıdan gələn əmrlə polis geri çəkildi və aksiyanı kənardan izlədi.


Ermənistan prezidenti Serj Sarkisyan etirazçıları sakitləşdirmək üçün elan etdi ki, ölkəyə beynəlxalq audit şirkəti dəvət olunacaq və enerji qiymətlərinin artım səbəbləri araşdırılacaq. Bundan sonra aksiyaçılar arasında bölünmə baş verdi və yarıdan çoxu Azadlıq meydanına getdi. Dünən isə Azadlıq meydanına toplaşan etirazçılar aksiyaya son verdiklərini elan etdilər. Hazırda yalnız Baqramyan prospektində bir qism etirazçı dirənməkdədir.



Aksiyanın bundan sonrakı taleyi hələlik müəmmalıdır. Maraqlı olan isə bu aksiyanın başlanması və davamında diqqət çəkən detallardır.



İyunun 17-də Ermənistanda elektrik enerjisinin qiyməti 16 faiz qalxıb, kv/saatı 49 dram (0.1 dollar) olub. Son 3 ildə bu, üçüncü qiymət artımıdır. Yeni artımla insanlar orta əmək haqqının 10 faizini elektrik enerjisinə verməlidir. Ermənistan Elektrik Şəbəkəsi qiymətin qaldırılması zərurətini dramın dollar qarşısında dəyərini itirməsi, həmçinin ötən il “Metsamor” Atom Elektrik Stansiyasının işini dayandırılması ilə izah edib.


Sadə ermənilər elektrik enerjisinin bahalaşmasından sonra küçələrə çıxdı. Çünki yoxsulluq səviyyəsi həddindən artıq yüksək olan bu ölkədə yeni tariflər sadə əhali üçün iflas deməkdir.



Etirazlar ilk baxışdan əhalinin İrəvan rejiminin “böyük qardaş” hesab etdiyi Rusiyaya qarşı etirazı kimi görünür. Çünki Ermənistan Elektrik Şəbəkəsi Rusiyanın “İnter RAO EES” (Rusiya Energetika və Elektrikləşmə üzrə Açıq tipli Səhmdar Cəmiyyəti) şirkətinə daxildir. Ermənistan əhalisi arasında Rusiyanın reytinqinin aşağı olması faktı da mövcuddur. Bu ilin əvvəllərində Gümrüdə rus hərbçisinin erməni ailəsini öldürməsindən sonra isə bu nifrət daha da artıb. Bu baxımdan, aksiyada “Rusiyaya ölüm”, yaxud “Rusiyanın İrəvandakı hakimiyyəti rədd olsun” tezisləri əsas ola bilərdi. Amma bəzi nüanslar mənzərəni tamam fərqli istiqamətə yönəldir.



1. Aksiyada kütlənin lideri yoxdur. Bir neçə gənc idarəçiliyi əlinə alıb. Lakin söhbət siyasi liderdən, xüsusilə qərbyönümlü olanlardan gedir.

2. İyunun 23-ü səhər polisi aksiyaçılara qarşı əsl zorakılıq nümayiş etdirdi, TOMA-lar su şırnağı ilə insanları yerə sərdi, qadınlar döyüldü. Lakin qəfil yuxarının əmri ilə geri çəkildi və indiyə qədər seyrçi mövqedə dayanıb. Bu, Ermənistan hakimiyyətinə xas olmayan metoddur. Parlamentin güllələnməsindən aksiyalarda insanlara atəş açılmasına qədərki xronoloji ardıcıllıq burda görünmürdü.

3. İyunun 25-i, aksiyaların başlanmasından iki gün sonra Serj Sarkisyan Brüsselə, Moskvaya deyil, məhz Avropa İttifaqının “paytaxtına” qəfil səfər etdi.

Bu məqamlar Ermənistandakı aksiyalara fərqli rakursdan baxmağı tələb edir və bir neçə ehtimalı ortaya çıxarır.



Birinci ehtimal bu aksiyaların məhz İrəvan rejiminin özü tərəfindən təşkil edilməsi üzərindədir. Belə demək mümkünsə, çətin vəziyyətdə olan Sarkisyan hakimiyyəti Rusiyaya qarşı oyun oynadı. Çünki Ermənistan Avropa Birliyi ilə Assosiativ Sazişi imzalamaqdan imtina edərək, Rusiyanın Avrasiya İttifaqına daxil olanda buna etiraz olaraq aksiyalar keçirildi. Lakin Sarkisyan Qarabağ faktorunu önə çəkərək, bunun ölkənin təhlükəsizliyi üçün əhəmiyyətli olması fikrini irəli sürdü. Bununla yanaşı, Avrasiya İttifaqına qoşulmaqla Rusiyadan bir neçə güzəşt qoparacağını dedi. Bununla etirazları səngidə bilmişdi.


Rusiya isə Ermənistana bunları verəcəkdi: “Metsamor” AES-in yeni blokunu inşa edəcək, stansiyanı ümumilikdə yenilənməsini həyata keçirdəcəkdi. Ermənistanın dəmiryol şəbəkəsinə investisiya yatıracaqdı. Bundan başqa, Rusiya silahları Ermənistana öz daxili bazarına uyğun qiymətə satacaqdı. Amma daha sonra Rusiya bu vədləri yerinə yetirmədi, ən yaxşı halda isə reallaşmasını təxirə saldı.

Buna görə də Ermənistan hakimiyyəti əhalini küçələrə çıxardaraq, Rusiyaya “xalqım səni istəmir” mesajını verərək, həmin vədlərin reallaşması üçün siyasi gediş etdi. Bunun ardınca Sarkisyan Brüsselə səfər etməklə, Moskvaya “mərkəzdənqaçma” mesajını verdi.

İyunun 27-də Rusiyanın nəqliyyat naziri Maksim Sokolovun İrəvana gələrək Sərkisyanla görüşməsi və əldə olunan razılaşmalar aksiyaların hakimiyyət tərəfindən təşkil olunması ehtimalını gücləndirir.



a) Ermənistan Rusiyadan qazın 1000 kubmetrini 189 dollara deyil, 165 dollara alır.
b) Ermənistan ordusunun arsenalının müasir silahlandırılması məqsədilə Rusiya 200 milyon dollar kredit verir.
c) “Metsamor” AES-in istismar müddətinin uzadılmasına kredit ayrılması haqqında müqavilə imzalanır.
d) “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin auditi keçirilir.
e) Rusiya İstintaq Komitəsi Gümrüdə bir ailəni öldürən rusiyalı hərbçi Permyakovun istintaqını Ermənistanın hüquq – mühafizə orqanlarına verir.
Ermənistanın Rusiyadan qopardığı güzəştlər bunlardır.



Hesablamalara görə, bundan sonra aksiyalar dayanmalı idi. Lakin bu baş vermədi. Bu isə ortada başqa faktorların da olduğunu göstərir.



İkinci ehtimal aksiyanın Qərbin təşkil etməsi haqdadır. Nəzərə alsaq ki, aksiya “facebook” üzərindən idarə olunurdu, bu ehtimal güclənir. Hansı ki, Qərb bu texnologiyanı “ərəb baharı”nda da, Gəzi olaylarında da təcrübədən çıxarmışdı. Lakin bu həm də Sərkisyanın razılığı ilə baş verə bilərdi. Ermənistan prezidentinin polisə müdaxilə etməmək əmrini verməsi, həmçinin, Brüsselə səfəri də bu tezisi gücləndirir. Sadəcə olaraq, Sərkisyan kənarda dayanır və hər şeyi Qərbin öhdəsinə buraxır. Təbii ki, Qərb başqa ölkələrdə olduğu kimi, kütlənin etirazını hökumətə qarşı yönəltmir, əksinə, İrəvan rejiminin bağlı olduğu Rusiyaya qarşı istiqamətləndirir. Burada da iki məqsəd ola bilər: birincisi, Rusiyanı tamamilə Ermənistandan çıxarmaq. Hansı ki, bununla Kremlin Cənubi Qafqazdakı qalası fəth olunur və ruslar bu bölgədə təsir imkanlarını itirir. İkincisi isə Rusiyanı zəiflətmək üçün bu ssenarinin işə salınmasıdır. Hər iki məqsəd əyani olaraq bir-birinə bağlıdır. Yəni Qərb nə Ermənistan hakimiyyətini devirir, nə də Rusiyanı çıxarır. Sadəcə olaraq, Rusiyanın Ermənistana yardım etməsini təmin etməklə onsuz da çətin vəziyyətdə olan bu ölkənin itkilərlə üzləşməsini təmin edir. Bununla həm də erməni ictimaiyyətinin Rusiyaya qarşı nəbzini yoxlayır. Belə ki, meydana nə qədər adam çıxa, nə qədər dirənə və nələr baş verə bilər ssenarilərinin “pilot layihəsini” tətbiq edir.


Təbii ki, bütün bunlar versiyalardır və nə baş verdiyi aydın olmayana qədər belə qalacaq.



Daha bir versiya isə Sərkisyanın təşkil etdiyi aksiyanın daha sonra nəzarətdən çıxmasıdır. Müdafiə naziri Seyran Ohanyanın “ölkədə sabitlik pozularsa, bu, Azərbaycanın hərbi əməliyyatlara başlayaraq Dağlıq Qarabağı azad etməsinə gətirib çıxara bilər” fikri də bunu deməyə əsas verir. Beləliklə, İrəvan rejimi nəzarətdən çıxmış aksiyanı klassik “kənar düşmən” qorxusu ilə dağıtmağı düşünür.


Hələlik proseslərin gələcək məcrası maraqlı olaraq qalır. Lakin bu aksiya onu sübut edir ki, Ermənistan rejiminin bünövrəsi laxlayıb. Çünki ölkədə daha ağıllı düşünən gənclik yetişib və onlar üçün “Qarabağ yalanı” daha keçmir. Digər tərəfdən, Ermənistanın həqiqətən də uçuruma yuvarlanan iqtisadiyyatı yaxın gələcəkdə “rəngli inqilabların” İrəvana çatacağı ehtimalı gücləndirir. Təbii ki, Ermənistanda demokratik hakimiyyətin başa keçməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir göstərər bilər. Lakin bu həm də regionda yeni proseslərə də gətirib çıxaracaq.


Müəllif:

Oxşar xəbərlər