Bazar ertəsi Yunanıstanda borclara görə yaranmış böhran səbəbilə üç həftə əvvəl bağlanmış bankların fəaliyyətinin bərpa ediləcəyi gözlənilir.
Afina, ötən həftə beynəlxalq kreditçilərlə borc əvəzinə islahatlar keçirilməsi şərtilə razılaşmaya gəlib.
Bu isə, Yunanıstanın Avrozonanı tərk etməsinin qarşısını alıb.
Lakin Yunanıstanda bir neçə qadağalar yerində qalıb, o cümlədən Əlavə Dəyər Vergisi də artırılıb.
Həftələrlə banklardan pul çıxarmaq üçün növbəyə durmaq yunanlılar üçün həyat tərzinə çevrilmişdi, lakin onlar hər gün yalnız 60 avro çıxara bilirdilər. Bu qadağa, bankları iflasdan qorumaq üçün qoyulub.
Bazar ertəsindən isə bu qadağa həftəlik tətbiq ediləcək, yəni yunanlılar həftə ərzində bankdan yalnız 420 avro çıxara biləcək və nəticədə, hər gün növbədə durmayacaqlar.
Ötən həftə Avrozonada günlərlə davam edən müzakirələrdən sonra, Yunanıstanın 86 milyard avro borc verilməsi barədə razılıq əldə edilib.
Yunanıstansa, bunun əvəzinə, bir sıra təqaüd və vergi kimi islahatlar həyata keçirməli, xərclərin azaldılmasına çalışmalıdır.
Maliyyə böhranı keçirən Yunanıstanın dövlət borcu 320 milyard avrodur.