ABŞ-ın Arkanzas ştatında 10 illik fasilədən sonra oktyabr ayından edam hökmü yenidən icra olunmağa başlayacaq. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Asa Xatçinson bildirib.
Onun göstərişi əsasında bu ilin sonu və gələn ilin əvvəlində ölüm hökmünə məhkum olunmuş 6 cinayətkar zəhərli iynə vasitəsilə edam ediləcək. İlk olaraq müvafiq surətdə 1989 və 1990-cı illərdə qətllər törətməkdə suçlu bilinən Bryüs Uord və Don Devis həyatdan məhrum ediləcəklər. Onların edamı oktyabrın 21-ə təyin edilib.
Arkanzas cənub ştatları arasında yeganə idi ki, orada ölüm hökmləri 2005-ci ildən icraya yönəldilmirdi. Bunun bir səbəbi inyeksiya ilə həyatdan məhrumetmənin qanuniliyi ilə bağlı illərlə davam edən məhkəmə çəkişməsi, digəri isə bundan ötrü lazımi zəhərli maddələrin olmaması ilə bağlı idi.
Qubernatorun nümayəndələrinin sözlərinə görə, artıq hər iki çatışmazlıq aradan qaldırılıb.