Almaniya xarici işlər naziri Frank-Wakter Steinmeier bildirib ki, Ukraynanın şərqindəki münaqişə ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Cənab Steinmeier Berlində rusiyalı, ukraynalı və fransalı həmkarları ilə görüşünün ardından danışıb.
Bundan əvvəl, ATƏT monitorinq qrupunun rəhbəri bildirmişdi ki, yenilənmiş atəşkəs siyasi proqres üçün pəncərə açıb. 2014-cü il aprel ayından bəri davam edən döyüşlərdə 8000 nəfərə yaxın insan həyatını itirib.
Cənab Steinmeier-in bildirdiyinə görə, bütün tərəflər atəşkəsin qorunmasına ehtiyac olduğunu təsdiq edib. Münaqişə tərəfləri indi cəbhə bölgəsindən ağır döyüş silahlarının çıxarılması ilə bağlı razılaşmaya “çox yaxındır”, o əlavə edib.
O həmçinin bildirib ki, oktyabr ayında Ukraynanın şərqində yerli seçkilərin keçirilməsi üçün hüquqi zəmində də bəzi irəliləyiş əldə edilib.
Ukraynada 25 oktyabrda seçkilərin keçirilməsi planlaşdırılır. Luhansk və Donetsk bölgələrində isə üsyançılar 18 oktyabr və 1 noyabr tarixlərində öz seçkilərini keçirəcəklərini bildiriblər.
Berlində keçirilmiş görüşdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirib ki, sövdələşmə “90 faiz hazırdır”, lakin “bir sıra ziddiyyətlər mövcuddur”. Xarici işlər nazirlərinin yenidən, 2 oktyabrda Parisdə görüşəcəyi gözlənilir./BBC/