Yüzlərlə Cənubi Koreya vətəndaşı Şimali Koreyada keçirilən nadir tədbir vaxtı müharibə nəticəsində ayrı düşmüş ailə üzvlərilə təşkil edilən görüşlərə qatılır. Həftə ərzində keçəcək görüşlər sərhəddəki Mount Kumgang kurortunda yer alır.
1953-cü ildə başa çatan Koreya müharibəsindən sonra parçalanmış ailə üzvləri arasında təmaslar ya tamamilə kəsilib ya da ki, çox məhdud olub. 1988-ci ildən bəri təşkil olunan görüşlər ardıcıl deyil və iki ölkə arasındakı münasibətlərindən asılıdır. Ailələrin sonuncu görüşü 2014-cü ilin fevral ayında baş tutub.
Builki görüş sərhəd partlayışında Cənubi Koreyalı əsgərin yaralanması ardınca yaranmış gərginliyi səngidən razılaşmadan sonra yer alır. Lee Taek-gu 89 yaşındadır və 20 yaş ondan kiçik olan bacısı ilə görüşəcək. Müharibədən qayıdacağını düşünən qardaş o vaxtlar kiçik qız olan bacısını sonuncu dəfə gəmilə cənuba yola düşərkən görüb.
Lee Taek-gu ölkələr arasında poçt xidmətinin olmadığına görə məktublarının ünvana çata bilməyəcəyini anlasa da, illər boyu valideynlərinə yazmaqda davam edib. Belə ki, məktublar onun üçün bir növ təsəlli olub. BBC-ə danışan Lee Taek-gu deyib ki, sadəcə olaraq həyatda qaldığına görə bacısına minnətdarlığını bildirəcək. Bacı ilə qardaş görüşərkən mərhum valideynləri barədə bölüşəcəklər.
Lee Taek-gu görüşdən əvvəl ən yaxşı köstyumunu ütüləyib və yeni qəşəng şlyapa alıb. Qırmızı Xaçın təşkil etdiyi görüşlərdə minlərlə adam iştirak etmək istəsə də hər bir tərəfdən, adətən ahıl yaşlarında olan, az sayda namizədlər seçilir. Cənubi Koreyada görüş iştirakçılarını ailə vəziyyəti və namizədlərin yaşını nəzərə alan kompüter proqramı seçir.
Onlarla müsahibə keçirilir, və namizədlərin fiziki cəhətdən səyahətə hazırlığı yoxlanılır.
400 nəfərdən ibarət ilk Cənubi Koreyalıların qrupu çərşənbə axşamından cümə axşamına kimi keçirilən görüşlərin ilk dövrəsinə qatılıb, Yonhap agentliyi xəbər verir. Daha 250 nəfər şənbə günündən bazar gününədək keçirilən görüşlərin ikinci dövrəsində iştrirak edəcək. Hər bir dövrə 6 ikisaatlıq görüşlərdən ibarətdir. Cənubi Koreyalılar şimaldakı qohumları ilə görüşərkən diş pastası, ərzaq, geyim və nağd pul kimi hədiyyələr gətirir. Müharibənin atəşkəslə başa çatdığına görə hər iki ölkə texniki olaraq hələ də müharibə şəraitində qalır.
/BBC/