Rusiyanın dni.ru saytı Azərbaycandan yazıb.
Saytda 4 böyük mədəniyyəti – Avropa, türk, rus və fars mədəniyyətini özündə birləşdirən Bakıya səyahət etmək üçün 7 mühüm səbəb göstərib. Həmin səbəblər aşağıdakılardır:
1. Köhnə şəhər, yaxud İçərişəhər – paytaxtın ən qədim hissəsi sayılır. Bura YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Bakının memarlıq nümunələri ilə tanış olmaq, qeyri-adi suvenirlər almaq mümkündür. Burada Şirvanşahlar sarayı, Bazar meydanı, Ağa Mikayıl Hamamı, Karvansaray, Qoşa Qala Qapıları, qədim məscidlər yerləşir. Şəhərin panaromasını isə Qız Qalası gözəlləşdirir.
2. Əgər siz SSSR-də anadan olmusunuzsa, Bakının məşhur küçələri haqda da eşitmisiniz. XX əsrin 90-cı illərində bir çox məşhur filmlər məhz bu küçələrdə lentə alınıb: “Amfibiya adam”, “Mənim əziz atam”, “Aybolit -66”, “Tehran-43, “Brilyant əl”. Sovet rejissorları ilə yanaşı, Bakı xarici kinematoqrafların da diqqətini çəkib. Məsələn, “Ceyms Bond” haqda 19-cu filmin bəzi səhnələri Bakının ətraf ərazilərində çəkilib.
3. Son on ildə Bakıda qurulan yeni tikililər turistlərin diqqətini çəkir. İçərişəhərin Şərq əhval-ruhiyyəsi Bakının müasir hissəsindən tamamilə fərqlənir. Şəhərin “vizit kartı” isə 2012-ci ildən “Alov qüllələri”dir.
4. Bakının əsas simvollarından biri də xalçalardır. Burada şəhərin mərkəzində Xalça muzeyi yerləşir. İçərişəhəri gəzərkən burada tamamilə əl işləri olan xalçalara rast gəlmək mümkündür. Qiymətli xalçaları isə Bakıdan 170 kilometr şimal-şərqdə yerləşən Quba şəhərindən əldə etmək mümkündür.
5. Bakı Xəzər dənizinin sahilində yerləşir. Bu isə o deməkdir ki, çimərlik mövsümündə burada dincəlmək əlverişlidir. Azərbaycanın paytaxtından 60 kilometr cənubda isə tarixi Qobustan qayalıqları yerləşir. Burada nadir palçıq vulkanlar var.
6. Azərbaycan mətbəxi xüsusi diqqət çəkir. Milli mətbəxlə yanaşı, müasir təamların da dadına baxmaq olar. Şorabalar, kabab, əcəpsandal, qutablar, dovğa, düşbərə, küftə, piti, dolma, aş, yerli pivə, paxlava və s. milli xörəklərin dadına baxa bilərsiniz.
7. Baxmayaraq ki, şoppinq turistlər üçün prioritet məsələ sayılmır, Bakıda aparıcı brendlərin məhsulları ilə dolu olan ticarət mərkəzləri də az deyil. Onlardan ən məşhurları “Park Bulvar”, “Nargiz Mall”, “28 Mall”, “Metropark”, “Port Baku”dur. Alış-verişdən başqa, siz məşhur “Torqovı” (Nizami küçəsi – red.) küçəsini gəzə, fontanlara tamaşa edə, səliqəli restoranlarda əyləşə bilərsiniz. /axşam.az/