3 Yanvar 2016 09:10
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə husi üsyançılarına qarşı mübarizə aparan Səudiyyə koalisiyası ötən ay elan olunmuş atəşkəsə razılaşmasına bundan sonra riayət etməyəcəyini bəyan edib.

Səudiyyə dövlət mediasının xəbərinə görə, buna səbəb, digər tərəfin - husi üsyançıların və hökümətə qarşı savaşan başqa Yəmən birləşmələrinin atəşkəsi mütəmadi şəkildə pozmasıdır. Koalisiyasının bəyanatında husilər və keçmiş prezident Əli Abdullah Salehə sadiq qüvvələr Səudiyyə Ərəbstanı ərazisinə ballistik raketlər buraxmaqda ittiham olunurlar.

Bununla belə, bəyanatda bildirilir ki, Səudiyyə koalisiyası münaqişənin dinc həlli yolu üçün əlverişli şərtlərin yaradılmasında maraqlıdır. Yəməndə hökümət qüvvələri ilə üsyançılar arasında atəşkəs razılaşması BMT-nin xətti ilə aparılan sülh danışıqları fonunda dekabrın 15-də qüvvəyə minib.

Yarımçıq qalmış sülh danışıqlarının bu ay davam etdiriləcəyi gözlənilir. Səudiyyə Koalisiyasının üsyançılara qarşı hava kampaniyasına başladığı mart ayından bəri Yəməndə 6 mindən çox insan həlak olub, qurbanların yarıya qədəri dinc sakinlər olub.

Münaqişə ölkədə onsuz da acınacaqlı vəziyyətdə olan humanitar vəziyyəti daha da pisləşdirib. Hazırda ölkə əhalisinin beşdə dörd hissəsinin yardıma ehtiyacı var.


Müəllif: