30 Yanvar 2016 13:56
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində vasitəçilik etmək təşəbbüsü yenidən gündəmə gəlib.

Hətta Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Moskvada iranlı həmkarı İbrahim Rəhimpur ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib. Bu barədə Rusiya XİN-in məlumatında deyilir: "Regional gündəmin bəzi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Cənubi Qafqazdakı vəziyyətə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət yetirilib". Rusiyanın rosbalt.ru saytı jurnalist-araşdırmaçı İrina Corbenadzenin bu məsələ ilə bağlı yazısını dərc edib.

Teleqraf.com həmin yazını təqdim edir:

"İran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Cabir Ənsari bildirib ki, Azərbaycan və Ermənistan razılıq versə, onun ölkəsi Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa hazırdır. İran.ru saytına açıqlama verən Ənsarinin sözlərinə görə, Tehran münaqişənin ilk günündən qonşu ölkələr arasında fikir ayrılığının qarşısını almağa çalışır. O, həmçinin, Azərbaycan prezidenti İlham Əliyevin qarşıdakı İran səfəri barədə məlumat verib. Səfərin vaxtı açıqlanmayıb.

Hazırda əsas sual doğuran məsələ münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun məşğul olduğu halda İranın vasitəçilik roluna iddiasıdır. Qeyd etmək yerinə düşər ki, İran əvvəllər də Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyini təklif edib. Ancaq indi vəziyyət tam fərqlidir. İran üzərindən beynəlxalq sanksiyaların götürülməsi onun dünya və regiondakı siyasi proseslərdə rolunu aktivləşdirəcək.

İranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəyini anlamaq olar. Birincisi, İran onunla həmsərhəd olan Cənubi Qafqaz ölkələrində sabitlik yaratmaq istəyir. İkincisi, İran regionda siyasi təsirini artırmağa çalışır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bunun üçün ən münasib vasitə ola bilər. Əgər, İran bu məsələdə qarşısına qoyduğu məqsədə çatsa, öz sərhədinə yaxın ərazidə beynəlxalq sülhməramlıların yerləşdirilməsinə yol verməyə bilər.

Ermənistan İranın vasitəçiliyinə razıdır, çünki hazırda Tehran və İrəvanın dostluq münasibətləri Azərbaycanla İran arasındakı münasibətlərdən daha yaxındır. Azərbaycan və İrana gəlincə isə, əgər iqtisadi tərəfdaşlıq məsələsində onların maraqları üst-üstə düşsə, eləcə də Xəzər məsələsində anlaşa bilsələr, o zaman Bakı və Tehran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dil tapa biər. Ancaq bu halda Azərbaycanın strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərində problemlər yaranna bilər. Ancaq istənilən halda İran Rusiyasız münaqişənin həllində vasitəçi ola bilməz. Qısası, əgər İran vasitəçilik etsə, Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ məsələlərinin nizamlanması prosesi tamamilə yenidən başlanacaq.

Samir


Müəllif: