Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşlər keçirib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, Putinlə Kerri arasında görüş Kremldə baş tutub. Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə edilib.
Putin və Kerri arasında 4 saat davam edən görüşdən sonra amerikalı diplomat Sergey Lavrovla mətbuat konfrası keçirib.
Kerri ilk olaraq, Putinlə görüşündən danışıb: "Vladimir Putinlə Suriyadakı atəşkəs müddətinin uzadılmasını və sülh danışıqlarında naliyyətin əldə edilməsini, eləcə də Donbasda seçkilər məsələlərini müzakirə etdik. Qeyd etmək istəyirəm ki, ABŞ Ukraynanın ərazi bütövlüyünü tamamilə dəstəkləyir və düşünürük ki, Minsk öhdəlikləri tezliklə yerinə yetirilməlidir.
ABŞ prezidenti Barak Obamanın sanksiyalarla bağlı fikrini cənab Putinə çatdırdım. Vaşinqton Rusiya üzərindəki sanksiyaları Moskvanın "Minsk-2" razılaşmasının öhdəliklərinə əməl etməsindən sonra aradan qaldıracaq.
Suriya məsələsinə gəlincə, düşünürəm ki, Bəşər Əsəd doğru qərar verməlidir. Moskva və Vaşinqton təkidlə çalışır ki, Suriyadakı atəşkəs müddəti davamlı olsun. Son vaxtlar Suriyada olan bombardmançı təyyarələrin sayı kifayət qədər azalıb. Böhranın həlli prosesində Suriyanın vahid və bölünməz qalmasının vacibliyi məsələsində Moskva və Vaşinqtonun mövqeyi eynidir. Rusiya və ABŞ Suriyada siyasi keçid hökumətinin avqustda qurulması üçün razılığa gəlib".
Daha sonra Rusiya XİN rəhbəri Sergey Lavrov görüşlə bağlı fikirlərini səsləndirib. Onun sözlərinə görə, görüş zamanı Ukrayna, Livan, Suriya, Liviya və Yaxın Şərq məsələləri müzakirə edilib: "Biz Suriya ilə bağlı sülh danışıqlarının əldə edilməsi üçün təzyiqləri artırmaqla bağlı razılığa gəldik. Suriya böhranı tezliklə həll edilməlidir.
Moskva Minsk öhdəliklərinə riayət edir və digər tərəfləri də buna riayət etməyə çağırır".
Samir