ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Con Brennanın martın əvvəllərində Rusiyaya gizli səfər etdiyi və Suriya prezidenti Bəşər Əsədin gələcəyilə bağlı müzakirələr apardığı ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Ria Novosti" agentliyi məlumat yayıb.
Sirr kimi saxlanılan səfərin bəzi detalları ortaya çıxıb. ABŞ-ın Rusiyadakı səfirliyindən əldə edilən bilgilərə görə, səfirliyin mətbuat katibi Villiam Stevens məlumatı qismən təsdiq edib. "Brennan ABŞ Suriyadakı siyasi proseslərə tam dəstək verdiyini, suriyalıların iradəsi əsasında hökumət formalaşdırılmasında maraqlı olduğunu Rusiya tərəfinə çatdırıb. Amma bunun üçün Əsədin getməsi lazımdır", deyə Villiam Stevens qeyd edib.
Rusiya xarici işlər nazirinin köməkçisi Oleq Sıromolotov CİA başqanının Moskva səfərinin Rusiyanın Suriyadan geri çəkilməsilə ilgili olmadığını diqqətə çatdırıb: "Səfər Rusiya Hava və Kosmik Qüvvələrinin önəmli bölümünün Suriyadan çəkilməsilə əlaqəli deyildi. CİA rəhbəri Xarici İşlər Nazirliyindən heç kimlə görüşməyib".
Rusiya prezidenti Vladimir Putinin sözcüsü Dmitri Peskov isı mövzu ilə bağlı sualların ona deyil, Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) ünvanlanmasının lazım olduğunu deyib.
Rusiya parlamentinin beynəlxalq siyasət komitəsinin üzvü İqor Morozov hesab edir ki, Rusiya İŞİD-ə qarşı mübarizəni gücləndirmək üçün ABŞ-a bəzi məlumatlar verib: "Bu məlumatlar əsasında mart ayında ABŞ-da İŞİDE-in iki üzvü zərərsizləşdirilib. Ola bilsin ki, Con Brennan bu məlumatların qaynağını öyrənmək üçün Rusiyaya səfər edib".
Ayxan