27 Sentyabr 2017 08:27
2 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim özümə də Nizaminin fars şairi adlandırılmasına bizim alimlərimizin münasibəti, fikirləri maraqlı idi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, "İntellekt times" qəzetinin təsisçisi və baş redaktoru Bənövşə Məmmədova bildirib.

Onun sözlərinə görə, ermənipərəst bir professorun Nizamini fars şairi adlandırması heç də təəccüblü deyil: “Ən azından “The Armenians, Past and Present in the Making of National İdentity” kitabının redaktoru olmağından onun hansı fikirdə olduğu bilinir. Onu deyə bilərəm ki, Nizami Gəncəvi XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtlarından biri olan Gəncədə doğulub. Onun dövrünün görkəmli insanı olmasından çox danışmaq olar. Akademik Teymur Kərimlinin “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq” mövzusunda məruzəsində şairin Azərbaycanda doğulması, yaradıcılığının sırf türk dili ilə bağlı olması və türk sözlərindən istifadə etməsi barədə məlumatlar var. Şair “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarında da öz fikrini çatdırır”.

Bənövşə Məmmədova əlavə edib ki, 1991-ci ildə YUNESKO tərəfindən Nizaminin 850 illik yubileyi ilə əlaqədar “Nizami ili” elan edilmişdi: “Bunlar böyük bir göstəricidir. Mən istərdim ki, yazarlar və dilçilər Nizami ilə bağlı yazılarını, məqalələrini xarici mətbuatda daha çox yayımlasınlar. Təkcə Nizami yox, digər dahi şair və yazıçılarımız haqda da yazsalar yaxşı olar”.

Qeyd edək ki, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Edmund Herziq 2017-ci il aprel ayının 15-də Kaliforniya Dövlət Universitetində “Nizami Gəncəvi Azərbaycanın milli şairinə necə çevrildi?” (How Nizami Ganjavi became an Azerbaijani National Poet) mövzusunda məruzə ilə çıxış edib. Məruzə, alimin öz sözləri ilə desək, “Fars şairi Nizaminin” Sovet dövlətinin siyasəti nəticəsində “azərbaycanlaşmasından” bəhs edir və E.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı ətrafında cərəyan edir. E.Herziq bu kitabın bir siyasət nəticəsində meydana çıxdığını iddia edir.


Müəllif: Şəfiqə