“Qiraətçi”də Ümid Nəccari:
Çətirləri bağlayın
Ağlayırdı...
Buludlara ip bağlayıb çərpələng edən şəxs!
Ağaclar payızın üstünə külək əsdirirdi.
Payız üşüyürdü.
Üşüdükcə payız,
qolları budaqlardan tökülürdü.
Gördüyümüz hər nə varsa, əsirdi.
Gödəkcələr üşüyürdü insanların əynində.
Bu andaydı ki,
Qucağı dözə bilmirdi kimsəsizliyə!
Bu andaydı ki,
Qucağı qocalırdı, qucağı ölürdü…
Adı məlum, gözləri məchul olan şəxs
Gözləri dükanin vitrinindəki qalandan bəri
Kor oldu, kor!
Kor olandan sonra
şəhərdə işıqları süpürdülər süpürgəçilər.
Və sonra qatarların kupelərinə doldu insanlar,
Kupelər boşaldı insanlıqdan…
Uşaqlığı bir abidə idi yoxsulluq parkında.
Daş kimi sərt,
Gül kimi zərif.
Həyat gahdan yaş, gahdan quruydu.
Amma daima qupquru çörək idi
mən deyən kəsin həyatı.
Hava da havalanmışdı.
Yox, soyuğu demirəm,
Qarda deyil dediyim,
Sadəcə ulduzlar əllərini kəsirdi gecələr
Və qanından qanad açırdi kəpənəklər.
Kəpənəklər qeyb olurdu qaranlıqda.
Hələ də "azadlıq" dırnaq arasındaydı,
Hələ də “azadlıq” meydanında azalırdı hava.
Divar depressiyadaydı!
Evdən çölə çıxa bilmirdi divarlar.
İnqilab küçəsində kimsə yoxuydu
quru yarpaqlardan başqa
Başqa söz,
Telvizorda xəbəri deyən qız:
"Bu gecə sıfır dərəcədir proqnoz
Bu sözlə bitir xəbərlərimiz"
Ağlayırdı...
xəbəri bilən kəs.
Göyüzü peyğəmbəri deyir,
“Tanrı göyü sevsə də, göydələnləri sevmir”
Ağlayır...
Üzü ağappaq olan kəs
Gül ilə güllənin fərqini soruşmadı
İnsanlıq fənnini keçən müəllimimiz!
Universitetdə azalırdı gündən-günə sevdiyi qız.
Qısalırdı gündüzlər...
Soyuq pambıq yağırdı küçələrə…
Üşüməyə tələsmə, küçədə oturan şəxs!
Tanrı yastığını silkələyir təkcə...
Çətirləri bağlayın,
çətirlər göy üzünə böyük etirazdır.
Gecə gəldikdə,
Hamı maskasını qucaqlayıb yatır.
Saçlarındakı məktubları yolduqca,
Qağayılar azalırdı dənizdə...
Yenə ağlayır...
işini itirən şəxs.
Heyif ki,
güzgülərin nişan barmağı yoxdur
üzük taxmaq üçün…
Yenə də ağlayır,
Hamını güldürən kəs...
Üstündə yeridiyi kəndirin
uzunluğu qədərdir həyatı
Ağlayır...
Küçədə oturub,
İşini itirən kloun…