9 Aprel 2018 11:58
5 056

"Biz gəldi- gedərik, sən yaşa, Yusif Səmədoğlu!"

- Məti müəllim, təzəlikcə "Ədəbiyyat nəzəriyyəsi müntəxəbatı" kitabınız nəşr olunub. Təbrik edirəm. Bəlkə, söhbətimizə kitabın anonsundan başlayaq?

- Bu kitabın araya- ərsəyə gəlməsinə keçmiş tələbələrimizdən birinin sosial şəbəkədə paylaşdığı status qeydi təkan verdi: "Universitetdə bizim üçün ədəbiyyat nəzəriyyəsi Aristoteldən başlayıb, Belinskidə qurtardı"... Bu bir həqiqətdir ki, universitetlərimizdə tədris olunan ədəbiyyat nəzəriyyəsi və ədəbiyyatşünaslığa giriş fənlərinin tədrisində qaynaqlarla tanışlıq baxımından çox ciddi çatışmazlıqlar var. Kitab hazırlanarkən ilk növbədə bu amil nəzərə alınıb. Kitabda antik fəlsəfənin nümayəndəsi Platondan tutmuş müasir poststrukturalist estetikanın təmsilçisi Yuliya Kristevaya qədər dünyada tanınmış nəzəriyyəçilərin əsərlərindən nümunələr seçilib...

- Nədənsə mənə elə gəlir ki, siz şeir haqda yazmağı daha çox sevirsiniz, şeirə xüsusi yanaşmanız var, şeiri bir başqa duyursunuz. Düzü, sizinlə hansı yazınız barədə danışacağımızı müzakirə edəndə də söhbətin şeir axarında gedəcəyini düşünmüşdüm...

- Duymaq bir az şərti və universal anlayışdır, məncə. Xüsusən də bədii mətni duymaq. Mətn müəlliflə oxucu arasında ortaq bir "məkan" - fikir, duyğu məkanı yaradır. Bədii mətnlə təmas zamanı oxucu və ya tənqidçi müəllifin "məkanını" daraltmırsa, nəsə alınır.

- Məti müəllim, uzun illərdir yazırsınız, gözəl məqalələriniz var, niyə indiyə kimi onları bir kitabda toplamamısınız?

- Toplayıb nəşr etdirmək fikrim var. Ancaq indi kitaba münasibət o qədər soyuqlaşıb ki, hərdən tərəddüd edirəm. Min zəhmətlə və xərclə başa gələn kitab sona qədər oxunacaqmı? Mənə elə gəlir ki, indi çap olunan kitablar daha çox gələcəyə, nə vaxtsa onları oxuyacaq insanlara ünvanlanır.

Bir amili də nəzərə almaq lazımdır ki, mən yaşda insanların təsəvvüründə kitab nəşr etdirmək bir qədər fərqli anlayışdır: kitabı hansısa nəşriyyat nəşr edəcək, yayacaq, oxucular arasında müəyyən rəy formalaşacaq... Öz vəsaitinlə az tirajlı kitab çap etdirmək bu günün acı reallığıdır. Görünür, bizdə kitab nəşri hələ kapitalizm münasibətlərinə uyğunlaşa bilmir.

- Gəlin elə təsəvvür edək ki, məqalələrinizdən ibarət ikinci kitab çap olunmaqdadır. Adını nə qoyardınız?

- Kitaba ad qoymaq adama ad qoymaqan fərqlənir. Adamın adını kimsə qoyur: ata, ana, baba, nənə, dost... Kitabın, xüsusən də müxtəlif yazılardan təşkil olunmuş kitabın adı konkret məna ifadə etməlidir. Adətən, ad qoymağı sonraya saxlayıram. Əksər hallarda ad yazı prosesində doğulur.

- Bəlkə də məqalələrinizdən birinin adını seçərdiniz?

- Hələlik ilkin olaraq son yazılarımdan birinin adını nəzərdə tutmuşam: "An və əbədiyyət".

- Bəs ilk məqalənizi necə, xatırlayırsınızmı?

- Xatırlayıram. Orta məktəbdə doqquzuncu sinifdə oxuyanda Osman Sarıvəllinin əsərləri barədə rəylə Azərbaycan televiziyasının müsabiqəsində iştirak etmiş və birinci yeri tutmuşdum.

- Çap olunmuşdumu?

- Yox, televiziyada səsləndirilmişdi (sonradan Osman Sarıvəllinin 80 yaşı münasibətilə bir məqalə yazıb çap etdirdim). İlk mətbu yazım universitetin qəzetində çıxıb: "Cəfər Cabbarlının ədəbi- nəzəri görüşləri". Onda dördüncü kursda oxuyurdum.

- Bunları, yəqin ki, tənqidçi kimi ilk təcrübələriniz hesab edirsiniz. Necə oldu yolunuzu məhz bu yöndə davam etdirdiniz?

- Bakıdakı ilk iş yerim "Ulduz" jurnalının redaksiyası olub. Tənqidçi kimi ilk yazılarım da bu jurnalın səhifələrində işıq üzü görüb. O vaxt jurnala Yusif Səmədoğlu rəhbərlik edirdi...

- Müəllifi olduğunuz bir mətn haqqında danışmaq istədiyimi deyəndə tərəddüd etmədən "Biz gəldi- gedərik, sən yaşa, Yusif Səmədoğlu!" adlı yazınızı seçdiniz. Yəqin bunun xüsusi bir səbəbi var?

- Təbii ki. Həmin məqalə mənim yazı həyatımın başlanğıcı haqqındadır. "Ulduz"a gələnə qədər Azərbaycan radiosunda uşaqlar və gənclər üçün verilişlər hazırlayan redaksiyalarla əməkdaşlıq edirdim. Efirə hər ay yazılarım gedirdi. Ancaq bunlar qonorar almaq, "çörək qazanmaq" üçün idi.

- Nələr barədə yazırdınız?

- Əsasən, yeniyetmələrlə müxtəlif mövzularda müzakirələr aparırdım. Yaradıcı tələbələrlə müsahibələr, ədəbi kompozisiyalar hazırlayırdım. O yazılar radioda bir dəfə "havaya üfürüləndən" sonra havaya qarışıb "əriyirdi"... Ancaq onu da qeyd etməyə borcluyam ki, o vaxt qızıl dövrünü yaşayan radio mənim üçün çox qiymətli jurnalistika məktəbi oldu. Mənim təhsilim filologiya sahəsində idi, jurnalistikanı yaza- yaza öyrəndim.

- Bəs "Biz gəldi- gedərik, sən yaşa, Yusif Səmədoğlu!" məqaləsini sizə nə yazdırdı?

- Həmin yazını bir də nəzərdən keçirdim və mənə elə gəldi ki, daha çox özümü, öz həyatımın və düşüncələrimin Yusif Səmədoğlu ilə bağlı epizodlarını qələmə almışam...

- Kiçik bir yazıdır, amma nələri - nələri xatırladığınızı, gözünüzdə yenidən canlandırdığınızı təsəvvür etmək olur. Mən bunu bir vəfa yazısı kimi oxudum.

- Yusif Səmədoğlu Azərbaycan ədəbiyyatının ən maraqlı şəxsiyyətlərindəndir. Düşünəndə ki, Bakı şəhərində ilk iş təcrübəm bu insanla bağlı olub, onun rəhbərlik etdiyi redaksiyada işləmişəm, onun "Qətl günü" romanının ilk oxucularından biri olmuşam - özümü şanslı adam sayıram.

- Mənə elə gəlir, söhbətimiz üçün bu məqaləni seçdiniz ki, Yusif Səmədoğlunun adını bir daha gündəliyə gətirəsiniz, önə çəkəsiniz...

- Elə insanlar var ki, onları xatırlamağa həmişə ehtiyac var. Daha doğrusu, onlar unudulmamalıdır. Söhbət cəmiyyətin yaddaşından gedir. Yusif Səmədoğlu özü yaddaşa sadiq insan idi. Hələ sovet dövründə Səməd Vurğun şəxsiyyətinə və yaradıcılığına qarşı təşkil olunmuş şəkildə aparılan çirkli kampaniyalar ictimai fikirdə müəyyən tərəddüdlər yaratdığı zaman "Yeddi oğul istərəm" filminin dünyaya gəlişi Azərbaycan kinosunun son dərəcə maraqlı hadisəsi olmaqla yanaşı, Səməd Vurğun yaradıcılığının dərk və təqdim olunmasına da yeni bir yanaşma gətirmişdi. 1930- cu illərdə yazılmış "Komsomol poeması" yazıldığı dövrdə köhnə dünyanı yıxıb təzə bir tarix yaratmaq arzusunda olan gəncliyin qəhrəmanlıq dastanı kimi qəbul edilmişdi. Filmdə isə həmin qanlı qovğalar tarixi tamamilə yeni şəkildə və məzmunda canlandırıldı. "Siniflər mübarizəsinin" tarixi bir qrupun zəfəri kimi deyil, qovğa edən tərəflərin hamısının məğlub olduğu milli faciə kimi təqdim edildi.

Bu filmlə Yusif Səmədoğlu Səməd Vurğunu yeni keyfiyyətdə cəmiyyətin "operativ yaddaşına" gətirdi. Bu mənada, Yusif Səmədoğlunu xatırlamaq, belə düşünürəm ki, cəmiyyəti mənəvi cəhətdən zənginləşdirə bilər və buna cəmiyyətin bu gün daha çox ehtiyacı var.

- Yusif Səmədoğluyla necə tanış oldunuz? Sonralar necə yaxınlaşdınız?

- 1983- cü ildə universitetin qiyabi aspirantı idim. Qarşımda qeyri- müəyyən bir yol var idi. Radio üçün müxbirlik etsəm də, daimi iş yerim yox idi. Səməd Vurğunun seminariya yoldaşı və mənim qohumum, Azərbaycan təhsil sisteminin formalaşmasında müstəsna xidmətləri olmuş Mirqasım Əfəndiyevlə həmin yay Yusif Səmədoğlunun "Hökumət evi" səmtindəki yeni mənzilinə gəldik. Mirqasım müəllimin Yusif Səmədoğludan mənim barəmdə xahişi təxminən bu oldu ki, "Gözün Mətinin üstündə olsun..." Yusif müəllim ad- familiyamı qeyd dəftərçəsinə yazdı və söz verdi ki, mənim üçün iş soraqlaşacaq. O, mənim adımı yazanda bir şeyi hiss edirdim ki, ona bu cür xahişlər çox olunur. Yusif Səmədoğlunun "gözü üstümdə olacağına" isə heç cür inanmırdım. Həqiqətən də Yusif müəllim uzun zaman məni axtarmadı. Redaksiyada işləyən tələbə yoldaşım Taleh Həmidə İsi Məlikzadə haqqında yazımı vermişdim. Yazı Yusif müəllimə təqdim edilmiş, onun xoşuna gəlmişdi. Əsl tanışlığımız bundan sonra başladı...

- Bəs bu yazını nə zaman yazdınız?

- 2015- ci ildə.

- Bu qədər gec?

- Görünür, hər yazının öz vaxtı olur. Əvvəl yazmış olsaydım, yəqin başqa şey alınacaqdı. Bu gün də yazası olsam, başqa bir yazı alınar. Bu, məhz yazıldığı zamanın yazısıdır.

- Qəribədir, siz bu yazıda sanki ötən illərə qayıdıb ordan səslənirsiniz.

- Hər zamanın "ötən illəri" özünə aid olur. Məsələn, mənim builki "ötən illərimlə" beş il bundan əvvəlki "ötən illərim" eyni deyil... Yaşadıqlarımı yenidən "yaratmaq", ayrı- ayrı detalları təsəvvürə gətirmək mənə çox cəlbedici görünür. Zamanı qaytara bilməsən də, yenidən qurursan. Ötən zamanı "bərpa edirsən" və nə qədər böyük bir tarixin içindən keçdiyinə əmin olursan.

- Uzaqlaşdıqca aydınlıq yaranır...

- Bunu oxucuya da çatdıra bilirsənsə, həm tarix üçün, həm oxucu üçün faydalı bir iş görmüş olursan.

- Bəs zaman nələrisə yaddaşın iç qatında saxlayıb onları verəndə xəsislik edə bilməzmi? Yəni qeydlər etmək vacibdirmi? Məsələn, siz gələcəkdə yazmaq istədiyiniz yazılar üçün qeydlər götürürsünüzmü?

- Gələcək yazıları planlaşdırmaq ağlıma gəlməyib. Ancaq uzun müddət, bəzən illərlə üzərində düşündüyüm yazılar olub. Məsələn, Musa Yaqubun "İlahi, mən bu daşı götürüm, götürməyim?!" şeiri düşüncəmdə on illərlə dolaşandan sonra "Daş" essesi yarandı. Neçə illərdir İsa Muğannanın "Yanar ürək" və "İdeal" romanlarının struktur müqayisəsi barədə düşünürəm...

- Yusif Səmədoğlu atası sarıdan əziyyət çəkirdimi? Bilirəm, soruşacaqsınız ki, nə mənada. Hər mənada. Yazıçı kimi, övlad kimi, ziyalı kimi.

- Bilmirəm düzmü anladım, sualınızın qoyuluşunda belə bir çalar sezmək olur ki, Səməd Vurğunun övladarı mənəvi əzab çəkməli idilər...

- Xeyr. Səməd Vurğuna qarşı həmişə nəsə baş verirdi: istər sağlığında, istər sonrakı illərdə. Yaxşı və pis. Hər bir övlad bundan mənəvi əziyyət çəkər. Bunu nəzərdə tutaraq soruşuram.

- Heç şübhəsiz ki, 1950- ci illərdə Səməd Vurğuna qarşı dövlət səviyyəsində aparılan kampaniyalar onun övladlarında da müəyyən travmalar yaratmışdı.

- Lakin ölümündən sonra başqa söz- söhbət başladı. Bu günə qədər mübahisə mövzusu olan söz- söhbətlər, əsasən də məşum 1937- ci illə bağlı. Səməd Vurğun getmişdi, bunları yaşamırdı, amma övladları dururdu, ədəbiyyatda, proseslərin içindəydilər...

- Həm Yusif Səmədoğlu, həm də Vaqif Səmədoğlu ilə 1980- ci illərin ortalarında tanış olmuşdum. Təbii ki, onların 37- ci illə bağlı konkret xatirələri ola bilməzdi: Yusif 37- dən iki il əvvəl, Vaqifsə iki il sonra doğulmuşdu. Vaqif bir şeirində yazmışdı: "39- da doğuldum, 37- də güllələndim..." Yusif Səmədoğlu 1937- ci ili Azərbaycanın böyük faciəsi hesab edirdi və məncə, bunun bədii ifadəsini "Qətl günü" romanında əhatəli şəkildə aça bilib. Sizin sualınızın qoyuluşu bir cəhətdən çox maraqlıdır ki, 1930- cu illərdə və ondan sonrakı dövrlərdə (elə indinin özündə də) söz adamlarına qarşı təzyiq yalnız onların özlərinin fizki və mənəvi məhvinə səbəb olmurdu, ailələrini, övladlarını da yaralayırdı..

Yusif Səmədoğlu üçün Səməd Vurğun bir etalon idi. Yadımdadır, "Ulduz" jurnalında Cəlal Bərgüşadın Babək haqqında romanı ilə bağlı Elməddin Əlibəyzadənin sərt bir yazısı nəşr edilmişdi. Aləm bir- birinə qarışmışdı. Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov təkidlə tələb edirdi ki, bu məqaləyə təkzib verilməlidir. Yusif müəlliminsə Mirzə İbrahimova cavabı bu olmuşdu: "Siz nəzərə alın ki, mən Səməd Vurğunun oğluyam!"

- Bunu nə mənada deyirdi?

- Yəni mənim öz mövqeyimi dəyişməyim mümkün deyil. Bunu kim etsə də, Səməd Vurğunun oğlu edə bilməz! Bir maraqlı məqam da budur ki, Yusif müəllim atasının əksər əsərlərini əzbər bilirdi. Onun nəsrini Səməd Vurğun poeziyası ilə bağlayan möhkəm bağlar var və bunun bir səbəbini də atasının şeirlərini əzbər bilməsi ilə izah etmək mümkündür.

- Bu barədə nəsə yazılıbmı?

- Məncə, yox. Bizim ədəbiyyatşünaslıq üçün intertekstual təhlil təcrübəsi hələ yox dərəcəsindədir.

- Bəlkə özünüz yazacaqsınız...

- Ömür vəfa etsə... Bu faktor Vaqifin yaradıcılığında da güclüdür. Mən 15 il əvvəl Vaqif Səmədoğlu barədə bir məqalə yazmışdım: "Sözsüz nəğmə"... Orada müəyyən müqayisələr aparmışam. Maraqlı cəhət budur ki, Vaqifin poetik sistemi S.Vurğunun poetik sistemi ilə "müxalifətdədir".

Yusif Səmədoğlu bir ssenari yazmışdı: "Deyilənlər gəldi başa..."

- Bəli, deyəsən yarımçıq romandı, tamamlamamışdı...

- Bu, romandan xeyli əvvəl olmuşdu. 1985- ci il olardı, Yusif müəllim mənə bir qovluq verib xahiş elədi ki, evə gedəndə (mən kinostudiyanın yaxınlığında, 1- ci Mikrorayonun yuxarı tərəfində olurdum) yolüstü kinostudiyaya çatdırım. Qovluğu həmin axşam özümdə saxladım, gecə oxuyub səhər tezdən studiyaya apardım.

Ssenarinin adı Abbas Tufarqanlının şeirindən götürülmüşdü: "Deyilənlər gəldi başa..." (Sonradan Yusif müəllim yarımçıq qalmış son romanını da belə adlandırdı.)

Kino estetikasının tələbləri baxımından fikir söyləmək çətin gəlir, ancaq mətn son dərəcə maraqlı idi. "Qətl günü" romanından film üçün şair və hökmdar xətti əsas leytmotiv kimi götürülmüşdü. Şair obrazı daha çox Səməd Vurğunun şəxsiyyətini və tərcümeyi- halını assosiasiya edirdi.

- Bir də maraqlıdır, sonradan yazılan romanla ssenarinin məzmunu eyni idimi?

- Yox, tam fərqli mətnlər idi. Sonra həmin ssenari dəyişdirildi, "Qətl günü" filmi çəkildi. Bu film çəkiləndə artıq başqa zaman idi və film 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olundu...

Yusif Səmədoğlu bəzən real həyata da yazılmamış, qələmə alınmamış əsər kimi baxırdı. İnsanlarla bədii əsər personajı kimi davranırdı. Görünür, bu onun təbiətindəki epos stixiyasından gəlirdi.

- Bunun köklərlə əlaqəli olduğunu düşünürsünüz? Aşıq ədəbiyyatı, dastanlar, müşahidə, duyum...

- Bu, yəqin ki, daha çox şüurun dərinliyində, bəzən də altında olan yaddaş amili ilə bağlı idi. Yusif Səmədoğlu şəhərdə, "seçilmiş insanların" əhatəsində böyümüşdü, Moskvada ali təhsil almışdı, təhsilində rus dilinin böyük rolu olmuşdu.

- Amma kök vardı...

- Təbii ki, və bu kök xeyli dərinlərə bağlı idi. Bu özünü "Qətl günü" romanında çox aydın göstərir.

- "Qətl günü" ilə bağlı yazdınızmı?

- Ayrıca məqalə yazmamışam. Ancaq belə hesab edirəm ki, əsər bu gün ədəbiyyatşünaslıq üçün daha çox mövzu verir.

- Hesab edirsinizmi ki, əsərdən də zaman baxımından uzaqlaşdıqca daha yaxşı yazmaq olur?

- Əsər var ki, təzə yazılanda daha çox diqqət mərkəzində olur, haqqında çoxlu danışılır, yazılır. Sonra həm özü unudulur, həm də haqqında deyilənlər, yazılanlar. Əsər də var ki, ona hər zamanın öz baxışı, öz yanaşması olur. "Qətl günü" belə əsərlərdəndir

- Bu əsərə ilk üzə çıxdığı zaman bəslənən münasibətlə indiki münasibət arasında fərq varmı?

- 1984- cü ildə ilk dəfə "Azərbaycan" jurnalında nəşr olunanda əsərlə bağlı hökumət özü ajiotaj yaratmışdı, jurnalın çapı təxminən bir ay ləngidilmişdi. "Qətl günü" hələ nəşr olunmamış "antisovet" əsər təsəvvürü yaratmışdı. Əsər çap olunan kimi Anar müəllimin məqaləsi nəşr edildi, Elmlər Akademiyasında, Bakı Dövlət Universitetində müzakirələri keçirildi. İcmallarda, ədəbi söhbətlərdə bu romanın adı başda çəkilirdi.

Sonra film yarandı. Beləliklə, "Qətl günü" oxuculaırn yaddaşına köçdü. İndi bu romana münasibət daha ciddi və daha dərin elmi səciyyə daşıyır. Məsələn, iki il öncə AMEA ilə S.Vurğunun ev muzeyi Yusif Səmədoğlu yaradıcılığına həsr olunmuş elmi konfrans keçirdi və orada "Qətl günü" romanı barədə olduqca maraqlı məruzələr dinlənildi. Yeri gəlmişkən, bu yaxınlarda Cavanşir Yusiflinin "Ədəbiyyat qəzeti"ndə nəşr etdirdiyi "Qətl günü"romanında interyer" adlı məqalə də müasir filologiyanın roman haqqında maraqlı axtarışlarından biri kimi qiymətləndirilməlidir.

- Məti müəllim, yeni ədəbi nəsillə bərabər yeni ədəbi tənqid və oxucu da yaranır. Sizə indiki vəziyyət necə görünür? Nə çatışır, nə çatışmır?

- Məncə, məsələyə çatışan tərəfindən baxsaq, yaxşı olar... İndi 30- 40 il bundan əvvəlki kimi gənclərin tənqid və ya ədəbiyyatşünaslıq sahəsinə kütləvi gəlişi müşahidə edilmir. Buna baxmayaraq, indiki tənqid daha keyfiyyətlidir. Sadəcə, ədəbi həyatda bir lənglik, ətalət var və bu özünü tənqiddə də göstərir.Ən böyük problemimiz isə oxucu problemidir. Ədəbiyyatı xilas edə biləcək ən qüdrətli qüvvə oxucudur.

- Bu haqda gözəl bir yazı da yazmışdınız, ciddi diqqətçəkən fikirlər vardı...

- Ədəbiyyatda gənc nəsil anlayışı o qədər şərtidir ki...Bəzən yazıçının uzun müddət "gənc" statusunda saxlanılması onun inkişafına mane olur. Əlimizdə yazıçını gənc adlandırmaq üçün dəqiq kriteriya yoxdur. Bütün bunlara baxmayaraq bəzi adları çəkə bilərəm. Elnarə Akimova artıq yetişmiş ədəbiyyatşünasdır. Fərid Hüseynin, Qan Turalının, Qismətin yazılarını böyük maraqla izləyirəm. Hərçənd, onların "təyinatı" sırf tənqidçilik deyil. Ülvi Babasoyun yazıları diqqətimi çəkir. Cahan Seyidzadənin gələcəyinə inanıram...

- Son çap olunan əsərlərə tənqidin münasibəti sizi qane edirmi?

- Onu deyə bilərəm ki, ədəbiyyatın heç bir hadisəsi tənqidin diqqətindən kənarda deyil. Sadəcə, ədəbi prosesin üzərindəki ətalət özünü tənqiddə də göstərir. Ədəbiyyatın bütün çatışmazlıqlarının günahını tənqiddə axtarmaq isə ədalətsizlik olardı...

- Tənqid yaxşı əsərlərin yaranması üçün nəsə edə bilməzmi?

- Məncə, yox. Tənqid yaxşı əsəri oxucuya yaxşı təqdim edə bilər. Tənqid "müfəttiş" vəzifəsini üzərinə götürməklə (uzun müddət götürüb) özünü də, ədəbiyyatı da günaha batırmış olar. Tənqidin işi bədii mətni oxucuya təqdim etməkdir.

- Yaxşısıyla, pisiylə...

- Məncə, pis dediyimiz ədəbiyyatla "mübarizə" aparmaq təkcə tənqidin işi deyil. Sadəcə, gərək naşirlər pis əsərləri nəşr etməsinlər.

- Çapla bağlı vəziyyət məlumdur. Bu halda siz haqlı çıxırsınız- tənqid bütün bu qarışıqlıqda nəyi çatdırsın, nəylə mübarizə aparsın?

- İndi vəziyyət elədir ki, əlində pulu olan aparıb 300- 500 nüsxə ilə şeirlər kitabını nəşr etdirir. Buna tənqid neyləsin? O başqa məsələ ki, cəmiyyətdə yüksək zövq formalaşdırmaq, mədəni oxucu yetişdirmək üçün konkret işlər görmək mümkündür...

- Yaxşı bir tənqidçi nəyi heç zaman unutmamalıdır?

- Kimin haqqında, hansı əsərin haqqında yazır- yazsın, ədalət hissini. Bir də özünü haqqında yazdığın adamın yerinə qoymağı....

- Yazılarınız sizi yüngülləşdirirmi?

- Çox...

- Məti Osmanoğlu şan- şöhrət axtarışında olmayan, duyduğu, sevdiyi, böyük- kiçik fərqi qoymadan inandığı mətnlər barədə heç bir qarşılıq gözləmədən yazan tənqidçi təəssüratı oyadır.

- Deməli, şair demiş, hələ yaşamağa dəyər... Tam səmimi deyirəm: karyera, var- dövlət, şan- şəhrət mənim üçün o qədər əhəmiyyət daşımayıb və daşımır. İndi mənim üçün ən qiymətli şey cansağlığı, könül xoşluğudur.

- Neçə illərdir müəllimsiniz, minlərlə gəncə dərs demisiniz. Tələbələrinizə güvənirsinizmi?

- Auditoriyaya girəndə tələbələrimi həmkarlarım kimi görməyə çalışıram, Yaş artdıqca onlar mənə daha çox doğmalaşır.

- Yusif Səmədoğlu haqqında yazınızda dünyanın sərt üzünü görmüş atanızla bağlı bir hissə var.

- Atam maraqlı adam idi: öz amansız keçmişini həmişə yumorla xatırlayırdı, mənim faciə kimi gördüyüm hadisələrə gülüş doğuran üzündən baxırdı...

"Biz gəldi- gedərik, sən yaşa, Yusif Səmədoğlu!"nu bir neçə dəfə oxumuşam. Hər oxuyanda oradakı epizodlar məndə fərqli duyğular yaradır. Sonluğuna çatanda isə dünyanın çox kiçik olduğuna bir daha inanıram. Dünyanı biz həddən artıq böyüdürük.

- Buna kədərlənirsiniz, yoxsa atanız kimi gülürsünüz?

- Bu məsələdə mən anama çəkmişəm: anam hər kiçik şeyi böyüdən, ürəyinə salan adamdır./Ədəbiyyat qazeti/


Müəllif: Hədiyyə Şəfaqət