Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən silahlı hücuma məruz qaldığı halda özünümüdafiə hüququna malikdir. Dövlətimizin atdığı hər bir addım beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bütün proseslərdə, o cümlədən danışıqlarda da Azərbaycan konstruktiv və ardıcıl mövqe nümayiş etdirir. Ona görə də Azərbaycan Ordusunun öz torpaqlarında həyata keçirdiyi hərbi əməliyyatlar sülhə məcburetmə əməliyyatı adlandırılır. Buna baxmayaraq Azərbaycan Ordusu heç vaxt mülki obyektləri hədəf almır, dinc sakinlərə zərər vermir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Millət vəkili bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarından erməni silahlı birləşmələrinin çıxarılması ilə bağlı 4 qətnaməsinə mövcuddur:
"Bu gün regionda sülhə və təhlükəsizliyə ən böyük təhdid işğalçı Ermənistanın siyasi kursudur. Hazırda cəbhədə də məğlub olan işğalçı Ermənistan ciddi təxribatlara əl atır. Dinc əhalini, mülki vətəndaşları hədəf seçir. Hətta Azərbaycanın döyüş bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrinə də raket zərbələri endirir. Düşmən Gəncəni, Mingəçeviri, Bərdəni və digər şəhərlərimizi hədəf almaqla panika, xaos, qorxu yaratmağa çalışır. İşğalçı Ermənistanın təxribat hücumları, hiylələri, məkrli planları Azərbaycanı öz yolundan döndərə bilməz”.