Belarusda MDB-nin İcraiyyə Komitəsində 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar sərgi təşkil olunub.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın Belarusdakı Səfirliyinin dəstəyi ilə təşkil olunmuş sərgidə ölkəmizin tarixi, mədəniyyəti və bugünkü nailiyyətlərini əks etdirən kitablar, albomlar, şəkillər, suvenirlər, həmçinin milli geyim və xalq yaradıcılığına aid eksponatlar nümayiş etdirilib. Foyedə quraşdırılmış monitorda Azərbaycana dair kadrlar göstərilib.
Tədbiri giriş sözü ilə açan MDB İcraiyyə Komitəsinin sədrinin müavini Viktor Quminski Azərbaycanın müstəqillik tarixi, qısa zaman ərzində ictimai-siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlər, dünya dövlətləri arasında yüksək nüfuzu barəsində nitq söyləyib. O, Azərbaycanın MDB-də fəal iştirak etdiyini və təşkilat çərçivəsində qəbul olunmuş sənədlərin həyata keçirilməsinə töhfə verdiyini qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladıb.
Lətif Qəndilov öz çıxışında Azərbaycanın çox çətin bir zamanda, Ermənistan tərəfindən təcavüzə məruz qaldığı və ərazilərimizin işğal olunduğu bir vaxta müstəqilliyini elan etdiyinə diqqət çəkərək, əhalinin sosial rifahının yüksəlişinə yönəlmiş güclü iqtisadiyyat, qüdrətli ordu, nüfuzlu dövlət quruculuğumuzda ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb. Bu siyasətin davamçısı Prezident İlham Əliyevin bacarığı, qətiyyəti, xalqına bağlılığı sayəsində müasir Azərbaycanın yenilməz müstəqil bir dövlət olduğuna diqqət çəkib. Prezidentin rəhbərliyi altında Bakı-Tiblisi-Ceyhan neft kəməri, Bakı-Ərzurum qaz kəməri, Bakı-Tiblisi-Qars dəmir yolu kimi üç dünya əhəmiyyətli layihənin həyata keçirildiyi və ölkəmizin dünyanın loqistik və enerjidaşıyıcı mərkəzinə çevrildiyi barədə məlumat verib. Səfir Azərbaycana investisiyaların cəlb edilməsi və mühüm dünya əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində ölkəmizin nüfuzunun artdığını və Dağlıq Qarabağ barəsində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına nail olunduğunu qeyd edib. İndi bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü və hüquqlarını tanıdığı vurğulanıb.
Beynəlxalq hüququn norma və prinsiplərinin əsas götürülməsinin vacibliyini qeyd edən L.Qəndilov bildirib ki, Ermənistanın son zamanlar təxribatçı addımlar ataraq, milli hisslərimizə toxunub, təhqir edib, tarixi-mədəni dəyərlərimizi dağıdıb. Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistanındır” deməklə bütün məsələlərə nöqtə qoyub. Səfir döyüş bölgəsindən uzaq bir məsafədə yerləşən Gəncə və Mingəçevir şəhərlərinin, eləcə də digər dinc yaşayış məntəqələrinin atəşə tutulması və bunun nəticəsində dinc əhali arasında çoxsaylı ölən və yaralananların olduğuna diqqət çəkərək, MDB-ni və bütün iştirakçı ölkələri bu təcavüzü pisləməyə, ədalətli mövqe nümayiş etdirməyə səsləyib. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın beynəlmiləl dövlət olduğuna və ermənilərin də bizim dövlətdə yaşaya biləcəklərinə dair fikirlərini səsləndirərək, ölkəmizin ədalətli sülh istədiyini vurğulayıb.