21 Oktyabr 2020 17:00
7 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün bu ölkənin sabiq prezidentləri ilə görüşərək müzakirələr aparıb.

Teleqraf.com xəbər verir ki, bu fikirləri “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan bildirib.

Erməni mediasına danışan Edmon Marukyan qeyd edib ki, onda olan məlumata əsasən Nikol Paşinyan separatçı Qarabağ rejiminin keçmiş saxta “liderləri” ilə yanaşı ölkənin keçmiş prezidentləri ilə də fikir mübadiləsi aparıb.

Qeyd edək ki, hazırda İrəvanda Ermənistanın üç sabiq prezidenti yaşayır. Bunlar Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyandır. Baş nazir Paşinyanın bu prezidentlərindən hansı ilə görüşdüyünə dair dəqiq informasiya yoxdur.

Ancaq görünən odur ki, Ermənistandakı daxili siyasi partiyalar artıq ölkədə yaranacaq hakimiyyət böhranını hiss edirlər. Bu səbəbdən də erməni siyasi qüvvələri daxilində fəal müzakirələr var. Aydındır ki, erməni siyasətçiləri sözdə Qarabağ məsələsini müzakirə etsə də, əsl niyyətləri ölkədə qasırğa kimi gözlənilən siyasi böhrandan yararlanmaqdır. Məsələn, bunun nümunəsi kimi Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın bir masa ətrafında əyləşməsini göstərmək olar. Hətta müzakirə masasına Qarabağdakı separatçıların keçmiş nümayəndələrindən Arkadi Qukasyan və Bako Saakyan da qoşulub. Bu görüş məsləhətlləşmə formatında olub. İlk dəfədir ki, Ermənistanın keçmiş prezidentləri bir araya gəlirlər. Aydın məsələdir ki, onlar həm də bir-birini rəqib deyil, düşmən sayılırlar.

İndiki halda Serj Sərkisyan və Robert Köçəryan eyni mövqedən çıxış edir. Onlar bir neçə kiçik partiya tərəfindən dəstəklənirlər. Amma bu partiyaların hakimiyyətə real təsir rıçaqları yoxdur. Sözsüz ki, Qarabağdakı separatçı rejimin uzun illər başında duran şəxslərin mütləq əksəriyyəti Sərkisyan-Köçəryan tandemi ətrafında təmərküzləşir. Bu qüvvələrin hakimiyyətə sözünü dolayısı yolla Daşnaksütyun Partiyası çatdırır.

Hakimiyyətdə olan Nikol Paşinyanın əsas dəstəkçisi isə Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyandır. Bu dəstək açıq hiss edilmir. Petrosyan faktiki olaraq 16 partiyanın birləşərək Nikol Paşinyanın səlahiyyətlərinin müəyyən hissəsini əlindən almaq cəhdini pisləyib. Paşinyanın özü də 16 partiyanın təklifinə ciddi yanaşmadığını nümayiş etdirir.

Bununla belə Ermənistanda ciddi hakimiyyət böhranı yaranacağı təqdirdə parlamentdən kənar qüvvələrin prosesdən kənarda saxlanılacağına şübhə yoxdur. Aydındır ki, erməni parlementindən kənarda qalan partiyaların mütləq əksəriyyəti Serj Sərkisyan və Robert Köçəryan ətrafında birləşir.

Azərbaycan Ordusunun Qarabağda uğurlu hərbi əməliyyatlarını davam etdirməsindən asılı olaraq bu qüvvələrin zəifləməsi prosesi gedəcək. Eyni zamanda parlamentdə olmayan bu qüvvələrin hökumətə təzyiq rıçağı yalnız Qarabağda qurulan separatçı rejim vasitəsilə mümkün idi. Separatçılar zərərləşdirildikcə bu imkan əldən çıxacaq. Bu qüvvələrin erməni xalqını Paşinyana qarşı qaldırması da real görünmür. 1995-ci ildən faktiki Ermənistanda hakim mövqeyə yaxınlaşan “Qarabağ klanı” - Respublika Partiyası iqtidarda olduğu 20 ildən uzun müddətdə yalnız erməni xalqını əzməklə məşğul olub. Bunun bariz nümunəsi 2008-ci ilin mart hadisələridir.

İstənilən halda Ermənistanda siyasi boşluq yarandığı təqdirdə bundan ən çox yararlana biləcək siyasi qüvvələr parlamentdə təmsil olunan partiyalardır.

İndiki erməni parlamentində ən çox mandata malik Paşinyanın “Mənim addımım” blokudur. Bu blok son parlament seçkilərində səslərin 70,43 faizini əldə edib və hazırda parlament çoxluğuna malikdir.

Ondan sonra ən çox səs toplayan təşkilat “Çiçəklənən Ermənistandır” ki ona cəmi 8,27 faiz seçici səs verib.

6,37 faiz səs toplayan “İşıqlı Ermənistan” partiyasına üçüncü güclü partiya sayılır.

Deməli, parlamentli respublika quruluşuna malik Ermənistanda gələcək erməni hakimiyyətinin yeni simasını bu partiyalar daxilində axtarmaq lazım gələcək.

Amma İrəvanda siyasi qüvvələr arasında baş verən təmaslar onu deməyə əsas verir ki, bu ölkədə ciddi siyasi böhranın yaranacağı açıq hiss olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər