“Ermənistan baş naziri müharibə bəyanatı ilə ABŞ və Rusiyanın vasitəçilik missiyasını zərbə altında qoydu”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan “Qarabağ məsələsinin diplomatik həlli yoxdur” bəyanatı ilə Moskva görüşü və ya Rusiyanın atəşkəs çağırışlarının üstündən xətt çəkdi:
“Eyni zamanda, bununla xarici işlər nazirlərinin gözlənilən Vaşinqton görüşü baş tutmamış öz mövqeyini elan etdi. Buna görə də, Azərbaycan tərəfi Vaşinqton görüşünə daha inamlı gedəcək və təcavüzkarın əsl kimliyini göstərə biləcək.
Hesab edirəm ki, Nikol Paşinyanın müharibə bəyanatı Moskva və Vaşinqtonda gedən diplomatik danışıqlarda Azərbaycanın xeyrinədir. Ermənistan baş naziri sülh və atəşkəsə qarşı olduğunu nümayiş etdirməklə, Rusiya və ABŞ-ın vasitəçiliyini sual altına aldı. Moskva və Vaşinqtonun təşəbbüslərini Bakı yox, İrəvan geri çevirir”.
Məhəmməd Əsədullazadə hesab edir ki, ilk gündən neytrallığını qoruyan ABŞ işğalçıya əks-cavab olaraq, ərazi bütövlüyünü təmin etməyə çalışan Azərbaycanın hərbi əməliyyatlarına qarışmayacaq:
“Vəziyyətdən istifadə edən Kreml isə Paşinyanın hakimiyyətdən getməsi üçün əlindən gələni edəcək. Bu dövrdə əsas siyasəti bu istiqamətdə olacaq. Bu baxımdan, Rusiyanın da Qarabağdakı prosesə müdaxilə edəcəyini düşünmürəm. Azərbaycan Ordusu qısa vaxtda uğurlu əməliyyatlarını davam etdirməklə, Ermənistanda siyasi böhranı dərinləşdirəcək. Xankəndi və Şuşa alınarsa, bu, Paşinyanın hakimiyyətinin süqutu olacaq”.