17 Noyabr 2020 16:40
10 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

11:36

“İşğal dövründə törədilmiş vandalizm aktlarına görə Ermənistana qarşı məhkəmə iddiaları qaldırıb təzminat tələb etməliyik”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert xarici ölkələrdəki erməni lobbisinin Azərbaycana qarşı hərəkətə keçdiyini söyləyib:

“Erməni lobbisi indi də müxtəlif nəşrlərdə Azərbaycanın azad etdiyi ərazilərdə erməni irsinin qorunmasının zəruri olmasını qabardır. Belə yazılar elə üslubda tərtib olunur ki, onları oxuyan az qala hər kəs qeyri-iradi azərbaycanlıların barbar olduğunu düşünür.

Buna qarşı nə etməliyik?

İlk növbədə, erməni işğalı altında olmuş bütün şəhər və kəndlərimizdə məzarların dağıdılması, məscidlərin və tarixi abidələrin vandalizmə məruz qalması haqda yüzlərlə faktı sənədləşdirib müvafiq beynəlxalq qurumlara təqdim etməliyik.

İkinci, həmin faktları əks etdirən 20-30 dəqiqəlik sənədli filmlər hazırlayıb, onları müxtəlif dillərdə internetdə yaymalıyıq. Dünyaya göstərməliyik ki, bu əməllərin sahibi həmin o, “qədim mədəni xalq”dır. Amma belə filmlər yalnız faktlar əsasında və peşəkar səviyyədə tərtib olunmalıdır.

Üçüncü, bütün bu məsələlərin işıqlandırılması və dünyanın müxtəlif ölkələrində insanların diqqətinə çatdırılması üçün bu sahədə təcrübəsi olan lobbi təşkilatları ilə müqavilə imzalayaraq, onların imkan və xidmətlərindən yararlanmalıyıq.

Dördüncü, hər zaman olduğu kimi, yenə də erməni məzarlıq və məbədlərinin toxunulmazlığını təmin etməliyik. Zaman-zaman onların vəziyyəti haqda foto və video materiallar hazırlayaraq yaymalıyıq.

Beşinci, işğal dövründə törədilmiş vandalizm aktlarına görə Ermənistana qarşı məhkəmə iddiaları qaldırıb təzminat tələb etməliyik. Belə iddiaların təmin olunmasından çox onların gündəmə gələrək müzakirə olunması vacibdir.

Altıncı, ermənilərin törətmiş olduqları vandalizm aktlarını müntəzəm olaraq sosial şəbəkələrdə peşəkar səviyyədə yaymalıyıq. Bunun üçün rəsmi olaraq təsdiqlənmiş profillərin yaradılması vacibdir”.

Ərəstun Oruclu qeyd edib ki, bu, təkcə tarix və mədəniyyət sahəsində mübarizə deyil, ümumi mübarizəmizin çox önəmli bir parçası olmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu