26 Noyabr 2020 10:39
3 718

“Araik Arutyunyanı yaxın günlərdə Moskvadan sonra Paris və Vaşinqtona da dəvət edə bilərlər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Dağlıq Qarabağdakı separatçıların başçısının Rusiyanın paytaxtına səfərinə diqqət çəkib:

“Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutyunyanın Moskvaya səfəri “gizli” kimi qələmə verilir. Bu, necə gizli səfərdir ki, Moskva hava limanında onun şəkli çəkilib və yayılıb, digər tərəfdən səfərdə onu müşayiət edənlərin kimliyi bəllidir. Əksinə, Araik Arutyunyan bu səfərdən özü məmnun qalıb ki, Rusiyadakı müxtəlif strukturlar onu qəbul edib və fikirlərini dinləyiblər.

Araik Arutyunyanın Ermənistan Baş naziri Nikol Paşinyandan şikayət etmək üçün Moskvaya getdiyi xəbəri də ağlabatan deyil. Bunu erməni saytlarından biri yayıb. Ancaq bu, dezinformasiya da ola bilər. Çünki Araik Arutyunyan Moskvadan İrəvana qayıdıb və Nikol Paşinyanın rəhbəri olduğu “Mənim addımım” partiyasının nümayəndələri ilə görüşüb.

Araik Arutyunyanın kimdən şikayət edib-etmədiyi az maraqlıdır. Məni əsas düşündürən məsələ Araik Arutyunyanın hansı məqsədlə Moskvaya getməsi, kimlərlə görüşməsi və onlarla hansı məsələləri müzakirə etməsidir”.

Ekspert qeyd edib ki, bu gedişat davam edərsə, yaxın günlərdə Araik Arutyunyanı Vaşinqona və Parisə də dəvət edəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu