Ermənistanın Lori vilayətinin qubernatoru Andrey Qukasyan Almaniyadan göndərilən 2,5 ton humanitar yardımın özünün və qohumlarının zirzəmilərində olduğu barədə mətbuatda yayılan məlumatları təkzib edib.
Teleqraf.com xəbər verir ki, o deyib:
“Yük Almaniyadan humanitar olaraq idxal edilib. İdxalatçı yükdən dövlətin xeyrinə imtina etdi və yük vilayət administrasiyası tərəfindən humanitar yardım olaraq qəbul edildi”.
Onun sözlərinə görə, sonradan idxalçı dəfələrlə yükü geri qaytarmağa çalışıb, lakin qubernator yükün aztəminatlı vətəndaşlara paylanmasında israr edərək buna icazə verməyib.
“Yükə baxdıqdan sonra məlum oldu ki, onun böyük hissəsi humanitar hesab edilə bilməz, çünki orada humanitar hesab edilə bilinməyən əşyalar var. Məsələn, bahalı qablar, saatlar, kosmetik vasitələr, psixotrop dərmanlar”, – deyə qubernator bildirib.
Andrey Qukasyan bu məlumatları yayanların məsuliyyətdən yaxa qurtarmaq üçün diqqəti yayındırmağa çalışdıqlarını söyləyib.
“Polis gömrük bəyannaməsi ilə psixotrop dərmanlar arasındakı uyğunsuzluqla əlaqəli bu faktla artıq məşğul olur”, – deyə Lori qubernatoru qeyd edib.