`Video əlavə olunub:
***
12:14
“Ermənistanda daxili siyasi proseslər dalana dirənib və ölkədə qeyri-müəyyən durumu genişləndirir. Müxalifət vaxt uzadır, hakimiyyət isə ictimaiyyəti yeni reallıqlarla uzlaşdırmağa çalışır”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”da dərc olunan məqalədə bildirilib.
Məqalədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Şuşa ilə bağlı fikirlərinə də diqqət çəkilib:
“Respublikanın Baş naziri Nikol Paşinyan 2019-cu il avqustun 5-də Xankəndidəki çıxışında “Qarabağ Ermənistandır və nöqtə” dedi. Bir il sonra - mayın 21-də isə Paşinyan başda olmaqla Ermənistanın yüksək vəzifəli şəxsləri əvvəlcə Araik Arutyunyanın Şuşada keçirilən andiçmə mərasimində iştirak etdi və bu şəhərin bütün ermənilər üçün xüsusi əhəmiyyətini vurğuladı. Altı ay keçməmiş Şuşa Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi.
Vəziyyətdəki köklü dəyişiklikdən sonra Paşinyanın da ritorikası dəyişdi: hərbi əməliyyatlar bitdikdən dərhal sonra Ermənistan hökumətinin başçısı Şuşanı “boz və bədbəxt şəhər” adlandırdı. Üstəlik, ötən həftə parlamentdə Şuşanın ermənilərə məxsus olmadığını, Birinci Qarabağ müharibəsindən əvvəl bu şəhərin əhalisinin 90 faizinin azərbaycanlılar olduğunu söylədi. Halbuki baş nazir 2019-cu il mayın 9-da Şuşada rəqs etmişdi”.
Məqalədə Ermənistan rəhbərinin cəmiyyəti müharibədəki “itkilərə” hazırlaşdırdığı vurğulanıb:
“Ermənistan hökuməti başçısının Şuşa haqda dilə gətirdiyi sözlərinin arxasında təkcə özünə bəraət qazandırmaq cəhdi yox, həm də cəmiyyəti itki ilə barışdırmağa yönəlmiş səylərini də görmək olar. O, sərhədlərin çəkilməsi məsələsində də eyni mövqedən çıxış edir”.
Məqalədə iddia edilib ki, artıq Dağlıq Qarabağ mövzusu Paşinyan üçün müzakirə mövzusu deyil: “Paşinyan özünü hələ də müxalifətin – keçmiş hakimiyyətin tənqidçisi kimi aparır. Qarabağ mövzusu və təhlükəsizlik məsələləri ilə bağlı açıqlamalarını dinləyərkən, baş nazirin bu ehtiyatsızlığına heyrətlənməmək mümkün deyil”.
Yazıda Ermənistan müxalifətinin Paşinyana qarşı mübarizədə kifayət qədər passiv olduğu deyilib:
“Müxalifət yanvarın 11-də Paşinyanın liderlərlərlə (Azərbaycan və Rusiya) danışıqlar aparmaq üçün Moskvaya uçuşunun “qarşısını almağa” uğursuz cəhd göstərənə qədər bir az aktiv idi. Bəziləri baş naziri “persona non qrata” elan etdi, bəziləri isə bundan sonra Ermənistanın hava məkanının baş nazir üçün qapalı olduğunu dedi. Baş verənlər həqiqi siyasi mübarizədən daha çox vaxt uzatmağa oxşayır. Bu fəallıq bir neçə gün davam etdi və proses yenidən öldü”.