“Nikol Paşinyan Serj Sərkisyanın “Müharibənin üçüncü günündə “İsgəndər” raketi atılmalı idi” iddiasına cavab olaraq, raketin atıldığını, amma onun partlamadığını dedi. Raketlərin 1980-ci illərdən qalma olduğunu bildirərək, bununla növbəti dəfə Rusiyanın hərbi sənayesini pislədi. Eyni zamanda, belə köhnə sistemlərin alınması məsuliyyətini Sərkisyanın üstünə atdı”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Paşinyanın Sərkisyan haqda nə deməsi bizi maraqlandırmır, amma onun Azərbaycana qarşı “İsgəndər”dən istifadə olunduğunu etiraf etməsini müzakirə etmək olar:
“Bu, Ermənistanın müharibədə Azərbaycana qarşı qadağan olunmuş silahlardan istifadənin etirafıdır. Rəsmi Bakı dinc sakinləri hədəf aldığına görə Ermənistanı beynəlxalq məhkəməyə verməlidir.
Ehtimal ki, Ermənistanın atdığı “İsgəndər” Azərbaycan ordusu tərəfindən havada zərərləşdirib. Bu raketlərin İsrailin havadan müdafiə sistemləri qarşısında zəif olduğunu düşünürəm. Qənaətimə görə, Rusiya hərbi sənayesinin öyündüyü “İsgəndər” raketinin deyildiyi qədər olmadığının üzə çıxması Moskvanın o qədər də xoşuna gəlməyib.
Azərbaycan ordusu İkinci Qarabağ Müharibəsində Rusyanın digər ən güclü müasir havadan müdafiə sistemlərini rahatlıqla sıradan çıxardı. Rusiya hərbi sənayesi Qarabağ savaşında ciddi zərbə aldı. Rus sistemləri və silahlarının yararsız olduğunu Paşinyanın özü etiraf edib, biz yox".
Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistan müharibədə Gəncə və Bərdəyə saysız raketlər atıb: “Əgər “İsgəndər” Azərbaycanın hansısa yaşayış məntəqəsinə və ya strateji obyektinə düşüb partlasaydı, bu, Ermənistana qarşı açıq savaşı şərtləndirəcəkdi. Ermənistan məhz bu dağıdıcı gücə malik silaha əl atmaqla Azərbaycanı buna məcbur etmək, Rusiya ilə üz-üzə qoymağa cəhd etmişdi.
Azərbaycan Ermənistanın müharibədən sonrakı silahlanmasına diqqət etməlidir. Rusiya bu ölkəyə növbəti ballistik raketlər göndərə bilər. Buna görə Azərbaycan da adekvat olaraq, hərbi arsenalını gücləndirməlidir”.