Ermənistanın Gümrü şəhərində naməlum maskalı şəxs Rusiyanın 102 saylı hərbi bazasının hərbi qulluqçusu və onun həyat yoldaşına hücum edib.
Teleqraf.com Shamsyan.com saytına istinadla xəbər verir ki, martın 10-da baş verən hadisənin soyğunçuluq məqsədilə törədildiyi bildirilir. Axşam saatlarında Gümrünün Ani məhəlləsində 3-cü küçədə elektrik enerjisi kəsilib.
Məhəllənin 40 yaşlı sakini Roman Romanov elektrik enerjisinin verilişinin nə vaxt bərpa olunacağını öyrənmək üçün küçəyə çıxıb və qəfil maskalı şəxsin hücumuna məruz qalıb.
Səsə görə çölə çıxan ev sahibinin xanımı Siruşa da bıçaq zərbəsi endirilib.
Araşdırma zamanı Roman Romanovun Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında xidmət etdiyi məlum olub.
Faktla bağlı Ermənistanın İstintaq Komitəsinin Şirak əyaləti üzrə İstintaq İdarəsində hücum cəhdi faktı üzrə cinayət işi başlanılıb.