14 Aprel 2021 23:42
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın birinci və ikinci prezidentləri - Levon Ter-Petrosyan və Robert Köçəryan Baş nazir Nikol Paşinyanın verdiyi açıqlamalara cavab veriblər.

Teleqraf.com xəbər verir ki, Paşinyan çıxışında Köçəryana 1999-cu il oktyabrın 27-də parlamentdə baş vermiş terror aktını xatırladıb.

Paşinyan qeyd edib ki, məlum terror aktı zamanı dönəmin baş naziri Vazgen Sərkisyan və parlamentin sədri Karen Dəmirçyan öldürülüb.

Baş nazir bu cinayətə görə dolayısı ilə keçmiş prezidenti ittiham edib. O, Robert Köçəryanı “türk agenti” adlandırıb və qeyd edib ki, həmin şəxslərin öldürülməsindən yalnız türk kəşfiyyatı faydalana bilərdi.

Buna cavab olaraq Köçəryanın ofisinin koordinatoru Baqrat Mikoyan qeyd edib ki, Paşinyanın çıxışları heç vaxt məntiq və reallıqla uzlaşmayıb: “Təsəvvür edirsinizmi ki, indiki həyatımızı yaralayan şəxs gələcək haqda danışmağa cəsarət edir? Özünü itirmiş bu insana qulaq asarkən, ona ancaq yazığın gəlir”.

Bundan başqa, Paşinyan çıxışı zamanı Ermənistanın birinci prezidentini də diqqətdən kənarda qoymayıb. Onun iddiasına görə, Petrosyan 2018-ci ildə Qarabağı Azərbaycana təhvil verməyi təklif edib.

Petrosyanın Erməni Milli Konqresi partiyasının mətbuat katibi Arman Musinyan onu yalan danışmaqda ittiham edib: “Ter-Petrosyan xalqı məhvə aparan bu “milli fəlakət”in emosional partlayışına münasibət bildirməyi mənasız sayır. İstədiyini danışsın. Hər halda özünə bəraət qazandırmaq şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu