“Nikol Paşinyan Azərbaycana məğlubiyyətə görə bütün məsuliyyəti Silahlı Qüvvələrə yükləyir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə nazirinin müavini, general Artak Zaxaryan deyib.
Onun sözlərinə görə, keçmiş baş qərargah rəisi Onik Qasparyan müharibənin əvvəlində Paşinyana döyüş əməliyyatlarının dayandırılmasının lazım olduğunu söyləyib:
“Hələ noyabrın 12-də Onik Qasparyanın ofisində mən ona xəbərdarlıq etdim ki, bir müddət sonra müharibənin bütün günahı orduda olacaq”.
Zaxaryan bildirib ki, onu ofisə Qasparyanın özü dəvət edib. Onun iddiasına görə, orada keçmiş baş qərargah rəisi ilə ölkədəki vəziyyəti və çıxış yolunu müzakirə ediblər.
Zaxaryan vurğulayıb ki, Paşinyan bundan sonra silahlı qüvvələrin rəhbər şəxslərini toplayaraq istefa vermələrini tələb edib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə verdiyi açıqlamada günahkarın müharibə zamanı ali baş komandan olan Paşinyan olmadığını bildirib: “Əgər Nikola inanırsınızsa, o günahkar deyil, heç vaxt günahkar olmayıb”.
Qeyd edək ki, bundan əvvəl işğalçı ordunun keçmiş komandanlarından biri Samvel Babayan məğlubiyyətə görə Paşinyanı ittiham edərək, Onik Qasparyanı nəhayət hər şey haqda açıq danışmağa çağırıb. O, separatçıların keçmiş “müdafiə nazirləri” - Cəlal Arutyunyan və Mikael Arzumanyanın keçmiş yüksək rütbəli hərbi personalın Paşinyanın “bunker”inə girişini qadağan etdiklərini də iddia edib.