12 may 1994-cü il tarixli atəşkəsdən sonra hərbi-siyasi rəhbərliyimiz dünya nümunələrindən düzgün dərs çıxarmadı və danışıqlar prosesində üstünlük əldə edərək daha əlverişli qərarlar qəbul edə bilmədi.
Teleqraf.com xəbər verir ki, bunu Xankəndindəki separatçıların qalıqlarının lideri Araik Arutyunyan deyib.
Sentyabrın 27-də başlanan müharibənin nəticələrinin şəxsən özü üçün artıq oktyabrın əvvəlində aydın olduğunu, bununla birlikdə, erməni siyasi qüvvələrinin ortaq məxrəcə gəlmədiyini Araik Arutyunyan “ürək ağrısı” ilə qeyd edib:
"Bizdə siyasi fikir birliyi olmayıb. Müharibəni o gün dayandırmaq xəyanət kimi qəbul olundu”.
O, ən böyük səhvləri kimi 1992-ci ilin 13 iyununda Ağdərə, Xocavənd və Hadrutun kəndlərindən qovulan erməniləri müdafiə edə bilməmələrini göstərib:
“O zaman 50 mindən çox erməni Qarabağdan getdi. Baxmayaraq ki, onları yerləşdirə bilərdik. Bu da səbəblərdən biridir. Çünki bu dövrdə Qarabağda erməni əhalisi 45 min deyil, 200 mindən çox olmalı idi. Ancaq onların 10 faizi belə dayanmadı və getdilər”.
Qeyd edək ki, bununla da Xankəndində qalan separatçıların tör-töküntüsünün lideri əslində orada maksimum 45 min erməni yaşadığını etiraf edib.
Araik Arutyunyan daha sonra deyib ki, “gələcəkləri” Rusiya ilə birlikdə mövcud vəziyyətə qarşı dayanmaq üçün daha dərin hərbi-siyasi əməkdaşlıqdan keçir.