20 May 2021 12:20
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunda keçiriləcək erkən parlament seçkilərinə blok şəklində getmək qərarı verən Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan və Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanetsyan arasında narazılıq yaranıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Ermənistanda seçki siyahılarının formalaşdırılması mərhələsində siyasi müttəfiqlər arasında narazılıq yaranıb. Söhbət Sərkisyanın Respublikaçı və Vanetsyanın Vətən partiyalarından gedir.

Qəzetin yazdığına görə, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyanın rəhbərlik etdiyi partiyanın üzvləri siyahının ilk iyirmiliyində olmadıqlarını eşidəndə təəccübləniblər. Nəşr qeyd edib ki, siyahının ilk hissəsi üçüncü prezident Serj Sərkisyan və Nəzarət Xidmətinin keçmiş rəhbəri İşxan Zaxaryan tərəfindən hazırlanıb.

Qəzet yazır ki, Sərkisyan əvvəlcə siyahıda özünün olmayacağını söyləsə də, sonradan qərarını dəyişib. İlk onluğa Vanetsyanın partiyası və Respublikaçıdan hər biri beş nəfərin daxil olacağına qərar verilib. Sərkisyan hər üç namizəddən birinin qadın olması lazım olduğunu bildirib.

Vanetsyanın partiyasında az sayda qadın üzvün olması səbəbindən, bu, siyahıda Sərkisyana üstünlük təmin edir. Vətənin siyasi komandası üçüncü onluqda yer alıb. Bu o deməkdir ki, blok parlamentə getsə, Sərkisyanın komandası üstün mövqedə olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər