Ermənistan İstintaq Komitəsi 44 günlük müharibə zamanı komandanlığın əmr və göstərişlərini yerinə yetirməyən və özbaşına döyüş bölgəsini tərk edən daha bir zabitin həbs edildiyini açıqlayıb.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, həbs olunan zabit separatçıların sözdə “müdafiə ordusunun” hərbi hissələrindən birinin təlim batalyonunun komandiri olub.
Ona qarşı Cinayət Məcəlləsinin 356 (əmrə tabe olmamaq) və 380 (döyüş bölgəsini qanunsuz tərk etmək) maddələri üzrə açılan cinayət işinin istintaqa göndərilməsi qərara alınıb.
İrəvan birinci instansiya məhkəməsi zabitin həbsinə əvvəlcədən razılıq verib. Lakin bu qərar aprel ayında Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib və təqsirləndirilən şəxs həbsdən azad olunub.
Ötən gün isə Kassasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq prokurorluğun şikayətini təmin edib. Bundan sonra zabit həbs edilib və ibtidai istintaqın yenidən davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, İstintaq Komitəsi saxlanılan şəxsin ad və soyadını, eləcə də rütbəsini açıqlamayıb.