Ermənistanda səfərbərlik vasitəsilə hərbi xidmətə çağırılanlar dövlət sərhədinin mühafizəsinə cəlb edilib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun müavini, general-mayor Aram Akopyan deyib.
O bildirib ki, Ermənistanda Sünik (Zəngəzur) rayonunda yaranan vəziyyət nəzərə alınaraq ora əlavə çağırışçılar aparılıb və sərhədin müdafiəsinə cəlb edilib:
“Bu səbəbdən onların dərman preparatları və digər ləvazimatlarla təmin olunması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılıb”.
Erməni general deyib ki, sərhədin bu hissəsində çox vaxt şərait olmur, orada yeni sərhəd zastavaları yaradılır, onlar yaxın vaxtlarda hazır olacaq: “İndi hərbçilər qoşqu evlərində yaşayaraq ağır şəraitdə xidməti vəzifələrini yerinə yetirirlər. Əlavə miqdarda dərman, uniforma və s ehtiyac var”.
Akopyan onu da qeyd edib ki, dövlət sərhədinin mühafizəsinə təkcə itlər deyil, həm də relyef nəzərə alınmaqla zəruri olan atlar da cəlb olunur.