“Regionda kommunikasiyaların mümkün blokunun açılması Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.
“Biz üç ölkə liderinin Soçi bəyanatını izləyirik, ona əsasən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsini artırmaq üçün addımlar atmağa və delimitasiya üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində işi aparmağa razılaşdıq. Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin sonradan demarkasiyası ilə bağlı bu qərar verildi. Bununla belə, bu məsələ regionda mümkün nəqliyyat kommunikasiyalarının açılması ilə heç bir şəkildə əlaqəli deyil”, - Mqer Qriqoryan bildirib..
Ermənistanın baş nazirinin müavini onu da əlavə edib ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində ekspert alt qrupu yaradılıb: “Bu qrup nəqliyyat kommunikasiyalarının təmin edilməsi məsələlərinin işlənilməsi ilə məşğuldur. Hələ ki, bu məsələlərin yekun tənzimlənməsi ilə bağlı heç bir müzakirə aparılmayıb”.