21 Yanvar 2022 13:30
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümid edirəm ki, Azərbaycan və Ermənistan kompromislər yolu ilə bu dəfə davamlı sülhü bərqərar edə biləcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sərkisyan “Sky News Arabia” telekanalına müsahibəsində bildirib.

O deyib ki, çətin situasiyada razılaşmaqdan və danışıqlar aparmaqdan yaxşı çıxış yolu yoxdur.

“Ermənistan və Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrliyi olan danışıqlar platforması var idi. Təəssüf ki, bu danışıqlar uğursuz oldu və bizdə ən pis ssenari olan müharibə baş verdi. Birinci Qarabağ müharibəsindən sonra prosesi davamlı sülhə çevirmək üçün 26 il vaxtı var idi. Amma bu məsələdə heç bir uğur əldə edilmədi və bütün bunların nəticəsində biz müharibə etdik, minlərlə gənc həyatını itirdi”, - deyə Ermənistan Prezidenti bildirib.

Türkiyə ilə münasibətlərdən danışan A.Sərkisyan qeyd edib:

“Praqmatizm və sabitlik o deməkdir ki, qonşularınızla, xüsusən də böyük bir ölkə olan qonşu ilə problem yaşamamalısınız. Mən yenə də düşünürəm ki, danışmaqdan başqa yol yoxdur. Ermənistan və Türkiyə bir dəfə 2009-cu ildə danışıqlar aparmağa cəhd etmişdilər. Hətta oktyabr ayında Sürixdə protokol imzalanmışdı. Mən də o vaxt bir neçə səbəbə görə skeptik əhval-ruhiyyədə idim. Onlardan biri bu idi ki, həmin danışıqlarda Azərbaycan Türkiyənin tərəfində iştirak etmirdi. Ermənistanın Azərbaycanla problemləri var idi və Azərbaycansız Türkiyə ilə razılıq əldə edə bilməzdi. Diaspor da erməni tərəfdə deyildi. Ermənistanın hər hansı prezidenti və ya baş naziri diasporun dəstəyi olmadan necə müqavilə imzalaya bilərdi? Ermənistan kiçik ölkədir, amma erməni xalqı bütün dünyaya yayılıb. ABŞ-da və ya Rusiyada Ermənistandakı qədər erməni yaşayır.

Armen Sərkisyan bildirib ki, sabit gələcəyə aparan yol danışıqlardan keçir, lakin bunlar iki ölkə arasında sadə danışıqlar deyil: “Belə olan halda keçdiyiniz tarixi görməzlikdən gələ bilməzsiniz. Məncə, uğur qazanmaq üçün göz yummamalı və ya aşkar olana məhəl qoymamalısınız. Bunlar asan danışıqlar deyil. Ümid edirəm ki, bir gün ermənilər və türklər bu məsələdə uğur qazanacaqlar, lakin bunun üçün tarixi reallıqları rədd edə bilmərik”.


Müəllif: Səxavət