“Armen Sərkisyanın istefası uzun müddətdir Ermənistanın siyasi elitası daxilində gedən qapalı mübarizənin nəticəsidir. Nəticədə Nikol Paşinyan əlini gücləndirərək, Armen Sərkisyanı istefaya məcbur edə bildi. Qənaətimə görə, bundan sonra ölkədə siyasi sistemin dəyişməsi gündəmdə olacaq. Üstəgəl, Paşinyan sülh danışıqlarında (Azərbaycanla) fasilənin yaranmasının və ölkə daxilindəki bir sıra problemlərin həllinin gecikməsini Ermənistanda parlamentar sistemin olması ilə izah edirdi. Azərbaycan tərəfi də mövcud vəziyyətlə razı deyil”.
Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistan Prezidenti Armen Sərkisyan gözlənilmədən istefa verdi. Sizcə, bu istefanın arxasında hansı məqamlar var?
- Uzun müddətdir ki, baş nazir və prezident arasında qarşıdurma vardı. Yəni Armen Sərkisyan bu posta keçmiş prezident Serj Sərkisyan tərəfindən gətirilmişdi. Təsadüfi deyil ki, o, 44 günlük müharibədən sonra bəzi prinsipial məqamlarla bağlı Baş nazir Paşinyanın yox, Serj Sərkisyan və Robert Köçəryanın tərəfini tutmuşdu. Nikol Paşinyanın özü isə bir neçə dəfə bəyan etmişdi ki, parlamentar idarəetmə sisteminin yararsız olduğu qənaətindədir və ağır durumda olan Ermənistana güclü prezident hakimiyyətinin olması çox vacibdir. Beləliklə, bir neçə dəfə işarə edib ki, əlində imkan olsa, dərhal indiki parlament idarəetmə sistemindən prezident idarəetmə sisteminə keçə bilər.
Zənnimcə, Armen Sərkisyanın istefası uzun müddətdir Ermənistanın siyasi elitası daxilində gedən qapalı mübarizənin nəticəsidir. Nəticədə Nikol Paşinyan əlini gücləndirərək, Armen Sərkisyanı istefaya məcbur edə bildi. Qənaətimə görə, bundan sonra ölkədə siyasi sistemin dəyişməsi gündəmdə olacaq. Üstəgəl, Paşinyan sülh danışıqlarında (Azərbaycanla) fasilənin yaranmasının və ölkə daxilindəki bir sıra problemlərin həllinin gecikməsini Ermənistanda parlamentar sistemin olması ilə izah edirdi. Azərbaycan tərəfi də mövcud vəziyyətlə razı deyil.
Azərbaycan Prezidenti də sülhyaratma prosesində yaranmış fasiləyə görə Ermənistan rəhbərliyini tənqid etdi, hətta onlara vaxt da verdi. İndi Paşinyan qətiyyətlə hərəkətə keçib. Ola bilər ki, bundan sonrakı siyasi proseslər bir qədər gərgin fazaya daxil olsun. Hər halda Ermənistan parlamentində əksəriyyəti təşkil edən və əhalinin böyük hissəsi tərəfindən dəstəklənən Nikol Paşinyan sistem dəyişdikdən sonra prezident postuna da seçilə bilər. Bunun üçün konstitusiyanın referendumla yenidən dəyişdirilməsi gündəmdədir.
- Rusiyalı ekspertlərə görə isə Sərkisyan “batan gəmidə üzmək” istəmədiyi üçün istefa verib. Yəni Paşinyanın Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsinin imzalanması istiqamətində atacağı addımlarda pay sahibi olmaq istəmədiyi üçün bu qərarı verib. Bu fikir nə qədər məntiqlidir?
- Armen Sərkisyan Ermənistanın siyasi dairələrində o qədər də nüfuzlu adam deyil. O, Ermənistanın Britaniyadakı səfiri vəzifəsindən birbaşa prezidentliyə gətirilmişdi. Paşinyanın qətiyyətli addımlar atması məqamında Armen Sərkisyandan fərman verməsi tələb olunurdu, amma o, bilərəkdən bunu gecikdirirdi. Xüsusən də keçmiş baş qərargah rəisi Qasparyanın vəzifəsindən azad edilməsi məsələsində ləng davrandı. Bir müddət Paşinyanın təqdimatını fərmana çevirmək istəmədi. Amma sonda buna məcbur oldu.
Bir ölkənin ərazisini işğal etmiş və müharibədə məğlub olaraq bu ərazilərdən çıxarılmış, üstəgəl, korrupsiya bataqlığının içində olan bir ölkədə vəziyyət, əlbəttə, dəyişməliydi. Armen Sərkisyan isə erməni cəmiyyətinin xilaskarı deyildi, o, sadəcə olaraq, “Qarabağ klanı”nın bir nümayəndəsi kimi proseslərə daxil edilmişdi. Bu prosesin içində də öz nüfuzunu qoruyub-saxlaya bilmədi. zənnimcə, Armen Sərkisyan iflasa uğramış bir şəxs kimi siyasi həyatı tərk edir. Az yaşı da yoxdur. Onun bundan sonra gələcək siyasi proseslərdə hansısa rol oynaya biləcəyini düşünmürəm.
- Digər yandan, Ermənistanda konstitusiya dəyişikliyinə hazırlıq gedir, artıq Paşinyan bununla bağlı lazım olan təlimatları verib. Maraqlıdır ki, yeni konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina oluna bilərmi?
- Ermənistan cəmiyyətini proqnozlaşdırmaq o qədər də asan deyil. Siyasi elitanı müəyyən qədər proqnozlaşdırmaq mümkündürsə, amma millətçilik azarına tutulmuş yeknəsəq erməni cəmiyyəti haqda bunu demək çox çətindir. Məncə, Ermənistanın siyasi elitasında reallığı qəbul edənlər Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının zəruriliyindən danışırlar və bunu açıq ifadə edirlər. Amma erməni xalqına millətçilik o qədər aşılanıb ki, onlar Azərbaycan və Türkiyəyə qarşı nifrətindən əl çəkə bilmirlər. Buna görə də, bu gün Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa çıxış yolunun olduğunu düşünmürəm.
İndi millətçilik azarına tutulmuş erməni xalqını başa salmaq lazımdır ki, sən ilk növbədə reallıqları qəbul etməlisən. Eyni zamanda, deyilməlidir ki, sən öz dövlətini də Azərbaycan torpaqlarında qurmusun. Bunu deməsələr də, buna uyğun şeylər söyləyə bilərlər. Ermənilər anlamalıdırlar ki, Azərbaycan və Türkiyə bölgənin iki gücüdür, bu dövlətlərlə anlaşmadan burada heç nə həyata keçirə bilməyəcəklər. Zənnimcə, bu istiqamətdə işlər aparılacaq. İlk növbədə, torpaq iddiası konstitusiyadan çıxarılmalıdır ki, dövlətlərarası münasibətlərdə irəliləyiş mümkün olsun. Bu olmadan nə sülh müqaviləsinin bağlanması baş tutacaq, nə də Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq mümkün olacaq.