Ermənistan Azərbaycanla sərhədboyu ərazilərdə yeni mühəndis-istehkam xəttinin qurulmasını həyata keçirir. Bu müdafiə xətti nəxminən 400 km-lik sərhəd zolağını əhatə edəcək. Yəni müdafiə xətti Göyçədən Araz çayına qədər olan Azərbaycanla həmsərhəd bölgəni əhatə edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib.
Onun sözlərinə görə, Ermənistan ordusunun yeni müdafiə xəttinin inşası prosesini həyata keçirən mühəndis-istehkam xidmətinə silahlı pilotsuz uçuş aparatlarından və döyüş təyyarələrinin hava zərbələrindən qorunmaq üçün zəruri sayılan amillərə diqqət yetirilməsi tapşırılıb: "Ermənistanın yeni müdafiə xəttini yaratması hücum əməliyyatının tərkib hissəsidir. Azərbaycan Müdafiə Nazirliyinin, o cümlədən qeyri-rəsmi mənbələrin Ermənistanın Göyçə və Zəngəzur istiqamətinə hərbi texnika və canlı qüvvə topladığına dair informasiyaları da bu ümumi prosesin tərkib hissəsi hesab oluna bilər.
Ermənistanın hərbi-siyasi rəhbərliyi yaxşı bilir ki, müdafiə xətti olmadan həmin istiqamətdə hücum əməliyyatının başlanması məqəsəduyğun deyil.
Ermənistanın bölgədəki bu addımları sülh müqaviləsinin imzalanmasına, sərhədin delimitasiyası və demarkasiyası işlərinə mənfi təsir göstərməklə yanaşı, yeni müharibənin başlanğıcını qoya bilər".