Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası dekabrın 19-da fəaliyyətini başa vuracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel Brüsseldə mətbuat konfransında bildirib.
Məsələyə dekabrın 12-də Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündə baxılıb.
"Ermənistan və Azərbaycan arasında dialoqda vasitəçi rolumuzu saxlamaq üçün mümkün mülki missiyanı planlaşdırmaq üçün Ermənistana komanda göndəriləcək", - deyə o bildirib.
Xatırladaq ki, Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası oktyabrın 17-də keçirilən iclasında müşahidə, təhlil və Cənubi Qafqaz regionunda vəziyyət haqqında hesabatın təqdim edilməsi məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfindən Avropa İttifaqının 40-a yaxın ekspert müşahidəçisinin göndərilməsi barədə qərar qəbul edib.
Bu qərar Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında keçirilən dördtərəfli görüşdən sonra qəbul edilib.
Aİ və Fransa Azərbaycan ərazisində də fəaliyyət göstərəcək sərhəd monitorinq missiyası yaratmaq və ondan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Azərbaycan buna etiraz edib və qəti mövqedən sonra missiyanın yalnız Ermənistan ərazisində fəaliyyət göstərməsi qərara alınıb.