“Ermənistanın Türkiyə ilə əlaqələrini normallaşdırmaqdan başqa yolu yoxdur”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“Türkiyədə baş verən zəlzələdən sonra Ermənistan təbii fəlakətdən əziyyət çəkən insanlara yardım göndərdi, xarici işlər naziri Ararat Mirzoyan bu ölkəyə səfər etdi və türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşdü. Bu fonda müsbət açıqlamalar verildi, sərhədlər humanitar məqsədlər üçün açıldı. Bütün bunlar münasibətlərin normallaşmasını və sərhədlərin tam açılması məsələlərini yenidən aktivləşdirib. Əlbəttə, bu prosesi bir günə başa çatdırmaq olmaz və bunu həm İrəvan, həm də Ankara anlayır. Ancaq reallığa ayıq, praqmatik nöqteyi-nəzərindən baxsaq, bunun zərurət olduğunu başa düşə bilərik.
Türkiyə qonşumuzdur, kifayət qədər də güclüdür, Qərbi təmsil edən ölkədir. Biz də bu bölgədə yaşamağa davam edəcəyik”, - məqalədə qeyd edilib.
Erməni nəşri bildirir ki, türk ermənilərin qardaşı olmasa da, İrəvanla Ankara arasında yaxşı sosial münasibətlər mümkündür:
“Türk qardaşımız, rus da dostumuz deyil. Ona görə də gələcəkdə dünyanın siyasi xəritəsində qalmaq üçün regionda mövqeyimizi dəyişməli, onu indiki reallığa, yeni formalaşmış dünya düzəninə uyğunlaşdırmalıyıq.
Bəli, Türkiyə ilə münasibətlər tənzimlənməli, sərhədlər açılmalı, yollar işə salınmalıdır. İndiki geosiyasi reallığı nəzərə alsaq, buna alternativ yoxdur, çünki bizim geosiyasi reallığa qarşı çıxmaq üçün heç nəyimiz yoxdur, tamamilə yoxdur”.