Söhbət Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağından yox, KTMT-nin Ermənistanı tərk edib-etməməsindən gedir. KTMT Ermənistanın sərhədlərini tanımır, bu, ciddi problemdir, çünki sərhəd yoxdursa, deməli, məsuliyyət sahəsi də yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Biz bu məsələni qaldırdıq, hələ də öz həllini tapmayıb. Ümid edirik ki, həll yolu var. Sərhəd tanınmadan mümkün deyil. Niyə Ermənistan demarkasiya və digər məsələlər üçün Alma-Ata bəyannaməsini əsas kimi qəbul etdi? Bu sənədə əsasən, keçmiş sovet respublikalarının inzibati sərhədləri dövlət sərhədləri kimi tanınır. Bu o deməkdir ki, Ermənistanla sərhəd var, bəlkə də bir metrə qədər deyil, amma bu, artıq demarkasiya məsələsidir. Ermənistanın 29800 kvadrat kilometr ərazisi məlumdur. Əgər iradə varsa, onu qorumaq olar. Amma iradənin olmaması Ermənistanı müdafiə etməyi mümkünsüz edir”, - erməni rəsmi deyib.
Qriqoryan Ermənistanla Azərbaycan arasında sərhədin məlum olduğunu təkrarlayıb: “Amma Bakı onun tanınmadığını deyir və bununla da öz addımlarını əsaslandırır".
Ermənistana qaz nəqlinin müvəqqəti dayandırılmasına toxunan Qriqoryan izah edib ki, Rusiya tədarüklə bağlı problemin texniki xarakter daşıması barədə məlumat verib:
“Ümid edirəm ki, bu texniki problemdir. Əgər Ermənistan qaz və ya başqa istiqamət problemi ilə üzləşsə, o zaman biz həll yollarını axtarıb, alternativ yollar üzərində düşünəcəyik. Ermənistan üçün əsas məsələ öz problemlərini həll etməkdir. Və həll yollarının axtarışı müxtəlif yerlərdə aparılacaq. Problemlər yaranarsa, onların həlli üçün bütün addımları atmağa hazırıq”.