26 Aprel 2023 13:26
1 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin bir qrup ermənipərəst üzvü yenə fəallaşıb, Azərbaycanın Ermənistanla sərhədlərinə bərpa etməsinə qarşı bəyanatlar verirlər. Halbuki Konqres Ermənistanın siyasəti ilə bağlı sərt bəyanat səsləndirməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzi bildirir.

Mərkəzin ekspertləri deyirlər ki, ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları nəzarət altında saxlamağa çalışır:

“Vaşinqton hesab edir ki, Rusiyaya qonşu olan bir qisim ölkə sanksiyaları nəzərə almır. Bu baxımdan, ABŞ maliyyə nazirinin müavini Elizabet Rozenberqin Mərkəzi Asiya ölkələrinə səfəri diqqət mərkəzindədir. O keçirdiyi görüşlərdə region ölkələrini Rusiyanın sanksiya altında olan şirkətləriylə əməkdaşlıqdan çəkindirməyə çalışıb. Bundan əvvəl dövlət katibi Entoni Blinken və digər amerikalı rəsmilər də bölgəyə səfər etmişdilər. Onlar da bu ölkələri Rusiyanın sanksiya altında olan şirkətləriylə əməkdaşlıqdan imtinaya çağırmışdılar. Avropa İttifaqı nümayənlərinin də Mərkəzi Asiyada olublar.

ABŞ və Avropa İttifaqı bir sıra dövlətlərə seçim təklif edib: ya dünya iqtisadiyyatı çərçivəsində əməkdaşlığa davam etmək, ya da Rusiyaya maddi dəstək qarşılığında məhrumiyyətlərlə üzləşmək. Vaşinqton və Brüsseldə hesab edirlər ki, bir qisim dövlətin Rusiya ilə idxal-ixrac əməliyyatları artıb. Bu da Vaşinqton və Brüsseldə şübyə yaradıb ki, həmin dövlətlər ABŞ və Avropadan aldıqları məhsulları sonradan Rusiyaya satırlar.

ABŞ Maliyyə Nazirliyinin siyahısında şübhəli 18 dövlətin adı çəkilib. Bunların içərisində Mərkəzi Asiya ölkələri ilə yanaşı, Ermənistan da yer alıb. Ermənistanın son aylarda Rusiyaya ixracı xeyli artıb. Bu, Qərbdə şübhələr yaradıb ki, Ermənistan Kremlin istəyi ilə Qərb ölkələrindən aldığı məhsulları Rusiyaya ötürür. Mexanizm belədir: Rusiyanın sanksiya altında olan şirkətləri lazımi avadanlıqları əldə etmək üçün Ermənistan banklarına pul köçürür, İrəvan həmin pulla Qərbdən gərəkli avadanlıqları alaraq Rusiyaya ötürür.

Ermənistandan fərqli olaraq, Qazaxıstan Rusiya ilə ixdal-ixrac əməliyyatlarında ehtiyatlı mövqeyə üstünlük verməyə çalışır. Təsadüfi deyil ki, Astana bir müddət əvvəl Moskvadakı ticarət nümayəndəliyini bağlayıb”.

Təhlildə vurğulanır ki, Vaşinqton Pekinin də Rusiyanı sanksiyalardan qurtarmağa çalışdığını müşahidə edir:

“Çinin nəhəng şirkətləri Qərb sanksiyalarıyla hesablaşaraq, Rusiya ilə ticarətə diqqət yetirir. Çünki Çinin həmin şirkətləri Qərbin sanksiyaları ilə üzləşmək istəmir. Bu halda həmin şirkətlər ABŞ və Avropa bazarını itirə bilərlər. Buna baxmayaraq, Pekinin regional siyasəti Rusiyanın xeyrinədir və Kreml bu yolla sanksiyalardan qurtulmağa çalışır. Məsələn, Pekinin Səudiyyə Ərəbistanı ilə İranı barışdırması Moskvanın işinə yarayıb.

Pekin körfəz ölkələriylə sıx əlaqələr qurmaqla ABŞ-ın bu bölgəyə təsirini azaltmağa çalışır. Belə olan halda körfəz ölkələri həm İran, həm də Rusiya ilə əlaqələr qurmağa başlayır. Səudiyyə martın ilk 10 günündə Rusiyadan 2.5 milyon ton dizel yanacağı alıb. Vaşinqtonda şübhələnirlər ki, Səudiyyə Rusiyadan aldığı nefti emal etdikdən sonra müxtəlif ölkələrə satır. Bu səbəbdən Vaşinqton Ər-Riyadla dialoqu genişləndirib. Pekinin vasitəçilik təşəbbüsləri və körfəz ölkələrinin İranla dialoqu Vaşinqtonda narahatlıq yaradıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər