27 Sentyabr 2023 11:36
3 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son həftələrdə Rusiya ilə münasibətlərində gərginlik yaşayan Ermənistanda qazın bahalaşacağı narahatlığı hökm sürür.

Teleqraf.com xəbər verir ki, erməni mütəxəssislər Kremlin sürətlə Qərbə yaxınlaşan Ermənistana qarşı “qaz silahı”nı işə salacağını deyirlər.

Ermənistan Rusiyadan qazı kifayət qədər aşağı qiymətə alır, ona görə də münasibətlərin gərginləşməsi fonunda qazın qiymətinin qalxması riski böyükdür. Erməni mətbuatı artıq İrəvanın bu ehtimala qarşı alternativ tapmağa çalışdığını yazır.

“Qazprom Armeniya”nın sözçüsü Şuşan Sərdaryan bildirib ki, qazın qiymətinə yenidən baxılması məsələsi hələ müzakirə olunmayıb. Alternativ olaraq Türkmənistan qazının İran üzərindən gətirilməsinə gəlincə, Sərdaryan deyib ki, bu məsələ onların sahəsinə aid deyil.

Enerji təhlükəsizliyi üzrə ekspert Armen Manvelyan isə hesab edir ki, Rusiyanın qazın qiymətini artıra biləcəyi təhlükəsi artıq ehtimal deyil, reallığa çevrilir:

“Hazırda Rusiya Ermənistana qazı 175 dollara satır. Azərbaycan da Türkiyəyə qazı bazar qiymətlərindən iki dəfə ucuz verir. Hazırda Avropa Birliyində qazın qiyməti 450 dollardır, İran Türkiyəyə qazı 400 dollara satır. Bunu ona görə deyirəm ki, qazın qiyməti məsələsinin nə olduğunu təsəvvür edə biləsiniz. Qaz neftdən fərqli olaraq bazar yox, regional məhsuldur, yəni qazın qiyməti müxtəlif regionlarda fərqlidir: çox ucuz da ola bilər, Şimali Amerikada, Avropada və Asiyada qiymətlər fərqlidir.

Qazın qiyməti ölkələr arasında münasibətlərin keyfiyyətinin göstəricisidir. Iki ölkə arasında yaxşı münasibətlər olarsa, qaz da ucuz olur, olmasa, onda Avropa qiymətləri ilə satılır. İndi Ermənistandakı anti-Rusiya isteriyası qazın bahalaşmasına səbəb ola bilərmi? Əminəm ki, bəli, bu hakimiyyət (Nikol Paşinyan) ilin sonuna kimi qalmaqda davam etsə, o zaman yanvarda qazın qiyməti qalxacaq, mümkündür ki, ciddi artım olacaq.

Ermənistan üçün qazın qiyməti 200 dollar olarsa, bu, çox pis olacaq. Bu, hamıya birbaşa təsir edəcək: nəqliyyat vasitələrinə, kənd təsərrüfatına, istehsala, elektrik enerjisinə. Çünki Ermənistan elektrik enerjisinə olan tələbatının yalnız 30-35 faizini özü istehsal edir. Bunlar da Rusiyadan gələn qazla işləyən istilik elektrik stansiyalarıdır. Başqa sözlə, qiymət artımı Ermənistanın bütün iqtisadiyyatına fəlakətli şəkildə yayılacaq, bu da bütün məhsulların qiymətinin artmasına səbəb olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər