Türkiyədən 16 kilometr məsafədə yerləşən Ermənistandakı Metsamor atom elektrik stansiyasının (AES) istismar müddəti bitdiyi üçün risk yaratdığı səbəbiylə stansiyanın bağlanması üçün hərəkətə keçilib.
Teleqraf.com xəbər verir ki, vətəndaşların parlamentə (TBMM) ünvanladığı şikayətləri araşdıran Müraciət Komissiyası AES-in risk yaratması səbəbi ilə bağlanmasının tələb edildiyini açıqlayıb. Komissiya bu mövzuda fəaliyyət göstərən nazirlik, idarə və təşkilatların verdiyi məlumatlar əsasında müraciətə cavab verib.
Cavabda İğdırda “Radiasiya Fövqəladə Hallar Planı”nın hazırlandığı, nüvə obyekti sahəsi xaricində sağlamlığa təsir edə və ya İğdırda yarana biləcək fövqəladə hal üçün planlaşdırma və müdaxilə prinsiplərinin müəyyən edildiyi bildirilib. Şəhərdə mümkün fövqəladə vəziyyət üçün tədbirlər hazırlandığı da vurğulanıb.
Komissiyanın məktubuna Xarici İşlər Nazirliyinin göndərdiyi cavabda Metsamor AES-in Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən izləndiyi xatırladılıb. AES-in təhlükəsizlik şərtlərinin texniki standartlara cavab vermədiyinin AEBA və Avropa Birliyi kimi təşkilatlar tərəfindən müəyyən edildiyi vurğulanıb. Məlumat verilib ki, AEBA rəsmiləri vaxtaşırı Ermənistana səfərlər edir, yoxlamalar aparır və hər bir təhlükəsizlik missiyasından sonra ətraflı hesabat hazırlanıb.
“Atom elektrik stansiyasının bağlanması həmin ölkənin müstəsna yurisdiksiyasındadır. Bununla yanaşı, ölkəmiz Ermənistan tərəfdar çıxdığı Nüvə Təhlükəsizliyi Konvensiyası, Nüvə Təhlükəsizliyi Konfransı və digər müvafiq platformaların iclaslarında köhnə texnologiya ilə işləyən, təbii fəlakətlərə meyilli bölgədə və sərhədimizə çox yaxın olan stansiyanın bütün region üçün risk yaratdığını vurğulayır. Bu risklər AEBA-nın konfranslarında da ölkəmiz tərəfindən ifadə edilir. Beynəlxalq ictimaiyyətə lazımi çağırış edilməklə regionumuzun və dünyanın ikinci Çernobıl hadisəsinə dözə bilməyəcəyi və mövcud risklərin aradan qaldırılması üçün stansiyanın bağlanmalı olduğu bildirilir. Bu çərçivədə məsələ ölkəmiz tərəfindən yaxından izlənməyə davam edəcək”, - məlumatda deyilir.
Həmçinin, Türkiyəni riskə atacaq vəziyyətin yaranacağı təqdirdə beynəlxalq ictimaiyyətin və onun resurslarının, xüsusilə də AEBA-nın lazımi tədbirlərin görülməsi üçün səfərbər oluna biləcəyi qeyd olunub.
Tikintisinə 1970-ci ildə başlanan Metsamor AES-də biri 1976-cı ildə, digəri isə 1980-ci ildə istismara verilmiş iki reaktor var. Hər iki reaktor 1988-ci il Spitak zəlzələsindən sonra bağlansa da, 2-ci reaktor 1995-ci ildə təmir işlərindən sonra yenidən açılıb. Reaktorun istismar müddəti 2005-ci ildə başa çatıb. Amma 2021-ci ilin avqustunda aparılan təmir işləri nəticəsində 2026-cı ilə qədər uzadılıb.
Türkiyə keçmiş SSRİ dövründə tikilmiş AES-in fəaliyyətini dayandırmaq üçün AEBA-ya dəfələrlə müraciət edib. Avropa Birliyi də zəlzələ zonasında yerləşdiyi və köhnə texnologiyaya malik olduğu üçün stansiyanın bağlanmasını tələb edir.