Ermənistan əhalisinin yarıdan çoxunun antisemit baxışları var.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşrində dərc olunan “Ermənistanda antisemitizm” adlı məqalədə deyilir.
“Erməni antisemitizmi realdır, onu gözardı etmək olmaz. Bəllidir ki, Ermənistan rəsmiləri ölkə daxilində antisemitizmi dəstəkləyirlər, onun beynəlxalq səviyyədə mövcud olmadığını iddia edərək mənzərəni təhrif etməyə və ikili oyun oynamağa üstünlük verirlər. Amma faktlar kifayət qədər göz qabağındadır”, - məqalədə vurğulanır.
Müəllif qeyd edir ki, son bir ildə Ermənistanda çoxlu antisemit hadisələr baş verib, onların bəzilərinə hakimiyyət orqanları tamamilə məhəl qoymayıb. Üstəlik, sosial şəbəkələrin erməni seqmentində nifrət və anti-İsrail və anti-yəhudi çıxışlarının səviyyəsi son bir ildə xeyli artıb.
“Sentyabrdan etibarən Ermənistandakı yeganə sinaqoq üç dəfə dalbadal yandırma cəhdinin hədəfi olub. Son iki yanğının arxasında duran qrup, “Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusu” (ASALA) “Hizbullah” və HƏMAS-a dəstək mesajı verərək, bütün dünyada ravvinlərə və israillilərə hücumla hədələyib”, - nəşr bildirir.
Məqalə müəllifinin sözlərinə görə, İsrailin Diaspor İşləri və Antisemitizm Nazirliyi rəsmi hesabatlarında Ermənistandakı antisemit mühitə diqqət çəkib və sonuncu hesabat bu ilin sentyabrın 25-də dərc olunub.
Nazirlik hesabatında ermənilərin Holokostdan öz məqsədiləri üçün istifadə etməyə çalışdıqlarını qeyd edir. Hesabatda vurğulanır ki, tanınmış yəhudi təşkilatı Avropa Ravvinləri Mərkəzi Ermənistan rəsmilərindən Holokostdan təbliğat məqsədləri üçün istifadəni dayandırmağı tələb edib. Həmçinin nazirlik Ermənistanda antisemit ritorika və yəhudilərə qarşı zorakılığa çağırışların nəzərəçarpacaq dərəcədə artmasına diqqət çəkir. Məlumatda deyilir ki, antisemitizmlə bağlı bir çox başqa hallar müxtəlif media orqanları, İsrailin dövlət qurumları və beyin mərkəzləri tərəfindən sənədləşdirilib.