“Gələn il Ermənistanda hakimiyyət dəyişikliyi olmasa, dövlətin dağılması prosesini açıq görəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
“İnanın, bir gün Paşinyan çıxıb söyləyə bilər ki, Ermənistan dövlətçiliyinin dağılmasının alternativi yoxdur, biz saxlamağa cəhd etdik, heç nə alınmadı. Çox açıq addımlarla dövlətçiliyin dağılmasına doğru gedirik. 2024-cü ildə Ermənistanda heç bir siyasi dəyişiklik olmasa, dövlətçiliyin dağılması çox açıq şəkildə görünəcək”, - ekspert bildirib.
Matevosyanın fikrincə, ümid yenə İran və Rusiyanın Ermənistanı qurtarmasına qalsa, bu, ölkə üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. İddiasında bir az da irəli gedən politoloqun iddiasına görə, Ermənistan qarşıdakı bir ildən salamat çıxmayacaq.
“Siyasi dəyişiklik olmasa, “Yaşıl kart” alıb ölkədən çıxmaq istəyənlərin uzun növbələrini görəcəyik. İnsanlar şüuraltı olaraq təhlükəni hiss edərək, baş verənlərə bu cür təpki göstərəcəklər. Amma görünən odur ki, siyasi dəyişiklik etmək mümkün deyil”, - Matevosyan vurğulayıb.
Ekspert qeyd edib ki, Rusiyanın da Ermənistana münasibəti dəyişib, bu da dinamik geosiyasi proseslərlə bağlıdır:
“Türkiyənin Rusiya üçün önəmi çox dəyişib. Rusiya müharibəyə cəlb olunub, görünür, artıq qalib gəlir, belədirsə, onda Rusiya hərbi bazası olan dövlət (Ermənistan) də, bu şərtlər altında müharibədə qalib gələn dövlətin bir hissəsinə çevrilir”.