Ermənistan Baş naziri Nikol Paşinyan konstitusiyanı buradan Azərbaycan və Türkiyə ilə bağlı ərazi iddialarını çıxarmaq üçün dəyişdirmək istəyir.
Teleqraf.com xəbər verir ki, bu etiraf erməni hüquqşünas Qohar Meloyanın açıqlamasında dilə gətirilib.
Ekspert Ermənistan konstitusiyasında qonşu ölkələrə qarşı açıq iddiaların olmasına diqqət çəkib:
"Yeni konstitusiyanın qəbulu texniki cəhətdən konstitusiyamızdan Qarabağ məsələsinin açıq şəkildə qeyd olunduğu Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadı çıxarmaq məqsədi daşıyır. İkincisi, məsələn, xarici təhlükəsizlik çağırışları kontekstində ciddi problemimiz var, Türkiyə həmişə bizdən Ağrı dağının şəklini gerbdən çıxarmağı tələb edib, bu da yalnız referendum nəticəsində dəyişdirilə bilər. Bu mənada hesab edirəm ki, bu yeni paketlə hökumət mövcud gerbin görünüşündən imtina edir.
Anklavlarla bağlı da problem var, çünki Ermənistan hökumətinin başçısı onları Azərbaycanın tərkib hissəsi kimi tanıyıb".
Meloyan hesab edir ki, Paşinyan anklavlar problemini, yəni bu ərazilərin qanuni sahibi Azərbaycana qaytarmaq məsələsini də konstitusiya islahatları çərçivəsində həll etmək istəyir.
Ermənistan Baş naziri Nikol Paşinyan yanvarın 19-da ölkəsinin yeni konstitusiyaya ehtiyacının olduğunu açıqlayıb.